Göyçayda selin uçurduğu piyada keçidi bərpa edildi
“Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən körpünün yerində yeni körpünün tikilməsi və təsərrüfatın ayrı-ayrı sahələrinə dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər görülür”
Publika.az xəbər verir ki, bunu Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev deyib. O bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ötən gündən hadisə yerində zəruri tədbirlərin görülməsi istiqamətində çalışır: “Körpünün yanlarında 10 metrə qədər olan torpaq hissə sel sularının gücündən yuyulub gedib. Əsas körpünün sol tərəfindəki çay sahili torpaq qatının selin təsiri nəticəsində yuyulmasının qarşısının alınması üçün beton bənd qurulur. Ərazidə bərkitmə işləri görülür. Lazımı texnikalar əraziyə cəlb olunub. Suyun istiqamətinin dəyişməsinə çalışırlar. Hazırda suyun səviyyəsi xeyli aşağı düşüb. Körpünün ətrafında bir neçə yaşayış evləri var ki, qarşısındakı artırma təhlükəli vəziyyətdədir. Ərazidə təhlükəsizlik tədbirlərinin görülür”
İ.Vəliyev hadisə nəticəsində ərazi yaxınlığında yaşayan 5 ailənin köçürüldüyünü də qeyd edib:
“Yaxınlıqda yerləşən binadan 5 ailə köçürülüb. Onlar hazırda yaxın qohumlarının evlərində məskunlaşıblar. Bundan başqa körpünün yanında yerləşən piyada keçidinin bərpası sona çatıb. Artıq əhali piyada keçidindən istifadə edə bilir. Yalnız avtomobil yolu qalıb. Hələki nəqliyyat vasitələri Göyçay-Ucar yolundan istifadə etməklə rayon mərkəzinə gedirlər. İyunun 4-də çayda suyun səviyyəsi enib və “Körpübinatikinti” ASC-nin tikinti briqadası və ağır texnikaları ərazidə işə başlayıb. Suyun səviyyəsi bir az da ensə, çaydan 200-300 metr kənarda nəqliyyatın hərəkətini təmin etmək üçün alternativ körpünün tikintisinə hazırlıqlar görüləcək".
İ.Vəliyev sel nəticəsində kənd təsərrüfatına dəyən ziyanın hesablanmasının davam etdiyini deyib: “Sel suları yaxınlıqdakı taxıl zəmilərinə ciddi ziyan vurub. Hazırda mütəxəssislər ərazidə araşdırma aparır. Əhaliyə dəyən ziyanın mahiyyəti dəqiqləşdirilir”

LEGİON.AZ