"Narıncı Mebel" MMC-dən daha bir ŞİKAYƏT: 9 min manat pul alıb ALDATDILAR - FOTOFAKT
Bakı sakini Məmmədov Tural Allahverdi oğlu redaksiyamıza müraciət edərək "Narıncı Mebel" MMC-nin direktoru Kişibəyova Ülkər Vaqif qızının onu aldadaraq 9 min manat pulunu aldığını söyləyib. 

Şikayətçi bildirib ki, Ülkər Kişibəyova hissə-hissə bir ay ərzində 9 min manat pul verib: “Mebelin qiyməti 14 min idi. Sonra 12 minə endirildi. Bəzi mebellər çıxarıldıqdan sonra 11 min manat ödəməliydim. Biz onunla 2017-ci ilin sentyabrında müqavilə bağlamışıq. Həmin vaxtdan nə mebelləri verir, nə də ödədiyim 9 min manat pulu. Mən ona dedim ki, dekabrda evimə köçməliyəm mebelləri hazır elə. O, da bildirdi ki, yanvarın 20-nə kimi mebelləri quraşdıracağıq. Yanvarın sonu yenidən onunla əlaqə saxladım. Bildirdim ki, ya mebelləri ver, ya da ödədiyim pulu. Biz onunla ofisində görüşdük. Həyat yoldaşım həmin görüşdə iştirak edib, qadının səsini yazıb. O, başladı yalan danışmağa ki, mən istədim sizin üçün yaxşı olsun, keyfiyyətsiz mebel vermək istəmədim. Ona sual verdim ki, sən nəyə əsaslanıb belə deyirsən. 11 min manata danışılan mebelin 9 mini ödəmişəm. Mebellərin hazır edilməsi üçün 9 min manat yetərli idi. O, mənə bildirdi ki, mənə 5-10 gün vaxt ver. Pulunu sənə qaytaracam. Yenə də sözünün üstündə durmadı. Mən ona dedim ki, gedib səni polisə şikayət edəcəm. O, da cavabında kimə istəyirsən şikayət elə. Mənim sənə verməyə pulum yoxdur. Onun sözündən elə çıxdı ki, o heç kimi saymır. Mən də məcbur olub Xətai Rayonun 34-cü Polis Bölməsinə şikayət etdim. Qadın polis bölməsinə çağırılıb ifadəsi alınıb. Amma üzləşmə olmayıb. Məndən başqa da o qadından 3 nəfər şikayət edib. Tədqiqatçı bildirdi ki, şikayəti Xətai Rayon Polis İdarəsinə göndərəcəm. Polis bölməsindən bu günə kimi nə bir dəfə məni çağırıblar, nə də istintaqdan bir xəbər yoxdur. Sonda da bildirdilər ki, burada dələduzluq yoxdur. Ona görə də bu məsələni məhkəməyə göndərəcəyik. Dələduzluq hesab edilməməsinin səbəbi isə imzalanan müqavilə göstərilir. Həm də qadın ifadəsində deməyib ki, pulu ödəmirəm. Ona görə də dələduz hesab olunmur. Mən də bildirdim ki, əgər elədirsə "Narıncı Mebel" MMC-nin direktoru Kişibəyova Ülkər Vaqif qızı ayrı-ayrı vaxtlarda bu qədər insanı aldadırsa bunun adı nədir? Şikayətim nə məhkəməyə göndərilməyib, nə də həmin qadın cəzalandırılmayıb. Fevral ayından məni bir dəfə də olsa Xətai Rayon Polis İdarəsindən çağıran olmayıb. Mənim vətəndaş kimi şikayətimə baxan yoxdur. Mən özümü təhlükədə hiss edirəm. Əgər mən hüquqi bir dövlətdə yaşayıramsa təhlükəsizliyim qanunlarla tənzimlənir. Amma bu gün görürəm ki, mənim nə təhlükəsizliyim nə də hüquqlarım qorunmur. Deməli hüuqi dövlətdə yaşamıram”. 


Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

LEGİON.AZ