"Cənub Qaz Dəhlizi layihəsi onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcək"
"Keçənilki məclisdən ötən dövr ərzində bir neçə önəmli hadisəni qeyd etmək istərdim. Bu hadisələr doğrudan da tarixi xarakter daşıyır. Onlardan biri Azərbaycanı Avrasiyanın nəqliyyat mərkəzinə çevirməyimizdir.
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyeviyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, ötən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Bakıda təntənəli şəkildə qeyd edilib: "Bu il isə biz Xəzər dənizinin ən böyük ticarət limanının açılışını qeyd etdik. Beləliklə, ölkə qarşısında nəqliyyat sahəsində duran məsələlərin böyük hissəsini həll etmiş olduq. Bu tarixi layihələr bundan sonra uzun illər Azərbaycanın uğurlu inkişafını təmin edəcək.
Keçən ay Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsindən bir gün sonra Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Bu da böyük tarixi nailiyyətdir, tarixi layihədir. Bu layihə bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcək.
Bir neçə gündən sonra Türkiyənin Əskişəhər şəhərində TANAP-ın rəsmi açılışı olacaq. Bu da böyük tarixi nailiyyətdir. Yəni, biz hər il böyük uğurlara imza ataraq ölkəmizi gücləndiririk və möhkəmləndiririk. Əminəm ki, bundan sonra da Azərbaycan inamla və uğurla inkişaf edəcək".

LEGİON.AZ