Bu dəfə “Azərsu”nun əməkdaşı jurnalisti təhqir etdi – Nazirə müraciət olundu
Son zamanlar bəzi məmurlar və onların əlaltıları tərəfindən jurnalistləri təhqir etmək adi hala çevrilib ki, bunun da günahı heç də jurnalistlərlərdə deyil.
Əksər hallarda bunun səbəbi bəzi məmurların həqiqətləri həzm edə bilməməsi və öz qanunsuz əməllərindən əl çəkmək əvəzinə jurnalistlərin haqlı tənqidini susdurmağa cəhd etmələridir.

Xatırladaq ki, bir neçə gün əvvəl ölkə mətbuatı “Bizim Yol” saytının əməkdaşı jurnalist Əli Cahangiroğlunun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyev tərəfindən təhqir olunması barədə yazmışdı və bu olay gündəmdə öz aktuallığını tapmışdı.

Məsələ isə Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə əlaqədar jurnalist Əli Cahangiroğlunun generala zəng edərək ondan açıqlama almaq istəməsindən başlamışdır.

Xatırladaq ki, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib. Nəciməddin Əliyevin kimliyi ilə bağlı yayılan məlumatlarda onun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı olduğu bildirilib..

Məsələ ilə bağlı “Bizim yol”un əməkdaşı Əli Cahangiroğlu Ərziman Əliyevlə əlaqə saxlayıb. Ə.Əliyev jurnalistə bu barədə açıqlama vermək əvəzinə, onun ünvanına küçə söyüşü işlədib, ardınca da generala yaraşmayan ağır təhqiri bir də təkrarlayıb. Hadisə ilə bağlı açıqlama verən jurnalist Əli Cahangiroğlu onu təhqir edən polis general-mayorunu məhkəməyə verəcəyini bildirib. “Bizim Yol” qəzetinin baş redaktoru isə generalın jurnalistə qarşı bu hərəkətindən Baş prokuror Zakir Qaralova müraciət edib.

Maraqlıdır ki, jurnalisti təhqir edən generalla bağlı açıqlama verən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini polis polkovniki Orxan Mansurzadə bildirib ki, Ərziman Əliyev 2 il öncə vəzifəsindən kənarlaşdırılıb və xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: ”Ərziman Əliyev artıq pensionerdir. Özünüz də bilirsiz ki, neçə-neçə şəxslər Daxili İşlər orqanlarından təqaüdə göndərilir. Pensiya müddətində isə o, adi şəxsdir. Ona görə də Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır. İstənilən halda jurnalistlə bu cür rəftar xoşagələn hal deyil”.


Biz Orxan Mansurzadənin bu fikirləri ilə tam razı deyilik. Çünki jurnalisti təhqir edən bu şəxs dövlətin ali rütbəsini daşıyır. Ali rütbəli, yəni “keçmiş polis generalı” olmur. Belə demək mümkünsə, ali rütbəli keçmiş polis ancaq dünyasını dəyişəndə olur…


Bu neqativ olay həm də belə düşünməyə vadar edir ki, jurnalistlərlə bu cür davranışdan sonra jurnalistlərin etik davranış kodeksinin pinsiplərinə uyğun olaraq qarşı tərəfin fikirini öyrənmək lazım deyil. Çünki öz peşə borcunu yerinə yetirən jurnalist qarşı tərəfə zəng edəndə artıq bilmir ki, hansı münasibətlə qarşılanacaq.


Yuxarıda qeyd olunan olayla bağlı onu da qeyd edək ki, “Qafqaz Xəbər Agentliyi” öz feysbuk səhifəsində mövzu ilə bağlı 365info.org saytında dərc olunan “Təhqir olunan jurnalist generalı məhkəməyə verəcək” başlıqlı yazının paylaşandan sonra istifadəçilərdən biri jurnalisti təhqir edib.

365info.org həmin yazıya “peysər” sözünü yazıb jurnalisti təhqir edən Vüqar Qurbanovun Ərziman Əliyevin yaxın qohumu, Baş prokurorun köməkçisi və keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədovun qaynı olduğunu dəqiqləşdirib.

Görünür jurnalistin bu məsələni ictimailəşdirməsi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bəzi qohumlarını çıxılmaz vəziyyətə salıb. Və onlar öz əsəblərini cilovlaya bilməyərək sosial şəbəkələrdə jurnalistə qarşı öz çirkin kompaniyalarını davam etdirirlər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bir müddət əvvəl onun haqqında mətbuatda gedən çoxsaylı yazıların birində bildirilir ki, Vüqar Qurbanovun Facebook sosial şəbəkəsində maraqlı fotolarına rast gəlmək olar: ”Fotoların birində cürbəcür spirtli içkilər divardakı rəflərə düzülüb, Vüqar isə dua edirmiş kimi əllərini açıb aşağıdan yuxarı həmin içkilərə baxır”.

Düzdür məmurların onları tənqid edən jurnalistləri təhqir etməsi halları əvvəllər də baş verib, amma dediyimiz kimi son vaxtlar bu ardıcıl və daha da aqressiv xarakter almağa başlayıb.

Məsələn, 5 gün öncə jurnalisti növbəti təhqiretmə faktı baş verib. Belə ki, tanımadığımız bir nəfər 055 215-28-35 nömrəsindən “Qafqaz Xəbər”ə zəng edərək bizi reket yazılar yazmaqda ittiham edib və baş direktor Araz Məmmədovu ağır ifadələrlə təhqir edib. Baş direktor Araz Məmmədov bu faktla bağlı artıq Daxili İşlər naziri Ramil Usubova müraciət edib.


Baş direktora zəng edənin səsi bizə tanış gəldiyindən bir kiçik araşdırma apardıq və müəyyən etdik ki, bu şəxsin səsi, “Azərsu” ilə bağlı saytımızda dərc olunan tənqidi yazıya görə vaxtı ilə bizə zəng etmiş “Azərsu” ASC-nin əməkdaşı Şakir İsmayılovla eynidir.


Xatırladaq ki, həmin vaxt “Qafqaz Xəbər” qəzetində 365İNFO.ORG saytına istinadən ““Azərsu”da korrupsiya xərçəng xəstəliyinə çevrilib” yazısı dərc olunmuşdu.

Yazıda Səbail rayonu Badamdar qəsəbəsi 2-ci massiv, 3-cü döngə sakinlərinin “Azərsu”yun yarıtmaz fəaliyyətindən və onun korrupsioner əməkdaşlarından şikayəti əks olunmuşdu. Yazı həmçinin Qafqaz Xəbər Agentliyinin feysbuk səhifəsində paylaşılmışdır: “Təbii ki, hər bir yazı, ələlxüsus tənqidi yazı hər kəs tərəfindən eyni cürə qarşılanmır. Qarşı tərəfə isə tənqidi yazılar adətən heç xoş gəlmir. Yazıda əks olunanlarla razılaşanlar da olur, razılaşmayanlar da. Bu da təbiidir və hər kəs də yazıya şərh yazaraq öz münasibətini bildirə bilir. Adıçəkilən yazı ilə bağlı feysbukda əksəriyyət şərhlərində “Azərsu”haqda mənfi rəy yazır. Şakir İsmayılov adlı feysbuk istifadəçisi “Azərsu”yun fəaliyyətini tərifləyərək yazılanlarla razılaşmadığını qeyd edib və bizi savadsızlıqda ittiham edir. Guya ki, biz “Azərsu” sözünü yazıda düzgün hallandırmamışıq.


Bundan başqa şəxsən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllını müdafiə edərək deyir ki, “O ki, qaldı Anar Cəbrayıllı kimi peşəkar və savadlı jurnalistə savadsız deməyinizə, burada da yanılırsınız”.

Şakir İsmayılov adlı istifadəçi ünvanımıza xoşagəlməz şərhlər yazmaqla kifayətlənməyərək bizim redaksiyaya zəng edərək öz iradını təkrar edib.


Birincisi, çox qəribədir ki, yazı ümumiyyətlə bizim olmaya-olmaya, biz onu sadəcə başqa sayta istinadən dərc etməyimizə baxmayaraq nəyə görəsə zəng edilib bizə irad bildirilir. Üstəlik, özünü Şakir İsmayılov kimi təqdim edən şəxs özü də bizə etiraf etdi ki, “Azərsu”yun əməkdaşıdır. Yəni onun qərəzli mövqeyinin mənbəyi məlum olur. Ola bilsin ki, “Azərsu”yun muzdlu ruporları saat 5-cən “Azərsu”da işləyirlər, işdən sonra da feysbukda “Azərsu”yu haqlı tənqid edənlərə qarşı mübarizə aparmaqla məşğuldurlar…


O ki, qaldı səhv məsələsinə, sadəcə Şakir İsmayılov məsəlnin məğzini qoyub, sanki yazıda mütləq səhv tapmaq istəyir, orada səhv olmasa belə. Onu da qeyd edək ki, “Azərsu”yu şikayət olunan qurumlar arasında rekordçu hesab etmək olar. Bu “Azərsu” sözünü Google-də axtarışda da üzə çıxır.


Belə ki, bu qurumun neqativ fəaliyyətindən bəhs edən məqalələrin sayı-hesabı yoxdur. Bunların hamısını biz yazmamışıq ki…. və onların hamısı yalan ola bilməz axı?!…

Nədənsə “Azərsu”da tüğyan edən, milyon manatlarla ölüçülən korrupsiyanı, neqativ halları “görməyənlər” xırda bir məsələni şişirdərək orda olmayan səhvi tez görürlər. Bununla “Azərsu” elə bil öz ruporları vasitəsilə öz mənfi standartlarını mətbuata gətirərək onu da öz gününə salmaq istəyir.”

Biz yuxarıda ixtisarla təqdim etdiyimiz yazı ilə Şakir İsmayılova başa düşülən qaydada izah etdik ki, bizim yazıda onun dediyi səhvlər yoxdur, amma görünür bunu həzm etmək istəməyib, yaxud edə bilməyib və başqa bir əsaslı səbəb tapmadığından, öz nifrətini gizlədə bilməmişdir. Ən əsası da “Azərsu”ya qahmarlığını nümayiş etdirmək məqsədilə jurnalisti təhqir etmək kimi səhv yolu tutub. Lakin biz əminik ki, jurnalistləri təhqir edən digər şəxslər kimi Şakir İsmayılov barəsində də tədbir görüləcək.


Biz hətta ehtimal edirik ki, jurnalisti təhqir etmək Şakir İsmayılovun təkcə “öz əməyinin bəhrəsi” deyil. Çox güman ki, o, özünün “başının ağası”nın buyruğuna yaramaq üçün bu addımı atmışdır.


Gələcək araşdırmalar bütün bunlara da aydınlıq gətirəcək – Şakir İsmayılov aydınlaşdırıldığı kimi…


Maraqlı tərəflərin rəyi qəbulediləndir.


Mahmud Rasimoğlu


“Qafqaz Xəbər” qəzeti