Agentliyin baş direktoru onu təhqir edən “Azərsu” ASC-nin əməkdaşından nazirə müraciət etdi
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova
 
Hörmətli Nazir,

Son zamanlar jurnalistləri təhqir etmək bəzi məmurlar və onların əlaltılarının vərdişinə çevrilib ki, bunun da günahı heç də jurnalistlərlərdə deyil. Əksər hallarda bunun səbəbi bəzi məmurların onlar barələrində yazılmış həqiqətləri həzm edə bilməməsi və öz qanunsuz əməllərindən əl çəkmək əvəzinə jurnalistlərin haqlı tənqidini susdurmağa cəhd etmələridir.
Bir neçə gün əvvəl ölkə mətbuatı “Bizim Yol” saytının əməkdaşı jurnalist Əli Cahangiroğlunun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyev tərəfindən təhqir olunması barədə yazmışdı və bu olay gündəmdə öz aktuallığını tapmışdı. Qeyd olunan olayla bağlı “Qafqaz Xəbər Agentliyi” öz feysbuk səhifəsində mövzu ilə bağlı digər saytdan dərc olunan “Təhqir olunan jurnalist generalı məhkəməyə verəcək” başlıqlı yazının paylaşandan sonra, Facebook sosial şəbəkə istifadəçilərindən biri bizi təhqir edib. Həmin yazıya “peysər” sözünü yazmaqla jurnalisti təhqir edən Vüqar Qurbanovun Ərziman Əliyevin yaxın qohumu, Baş prokurorun köməkçisi və keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədovun qaynı olduğunu dəqiqləşdirdik. Görünür jurnalistin bu məsələni ictimailəşdirməsi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bəzi qohumlarını çıxılmaz vəziyyətə salıb. Və onlar öz əsəblərini cilovlaya bilməyərək sosial şəbəkələrdə jurnalistə qarşı öz çirkin kompaniyalarını davam etdirirlər. Düzdür, məmurların onları tənqid edən jurnalistləri təhqir etməsi halları əvvəllər də baş verib, amma dediyimiz kimi son vaxtlar bu ardıcıl və daha da aqressiv xarakter almağa başlayıb. 13 iyun 2018-ci il tarixdə jurnalisti növbəti təhqiretmə faktı baş verib. Belə ki, tanımadığımız bir şəxs 055 215-28-35 nömrəli mobil telefondan “Qafqaz Xəbər Agentliyi” MMC-nin redaksiyasına zəng edərək bizi reket yazılar yazmaqda ittiham edib və məni – baş direktor Araz Məmmədovu nalayiq sözlərlə təhqir edib. Araşdırma apararaq müəyyən etdik ki, həmin mobil nömrədən (055 215-28-35) bu ilin 22 və 24 aprel tarixlərində redaksiyamıza “Azərsu” ASC-nin əməkdaşı Şakir İsmayılov zəng etmişdir. O, həmin ərəfədə “Azərsu” ilə bağlı rəhbəri olduğum saytda dərc olunan ““Azərsu”da korrupsiya xərçəng xəstəliyinə çevrilib” başlıqlı tənqidi yazıya görə redaksiyaya zəng etmişdi.

Hörmətli Hazir,

Yuxarıda göstərdiyim kimi, mediya əməkdaşlarını təhqir etməklə qisas almağı bəzi şəxslər özlərinə vərdiş etmişlər. “Azərsu” ASC-nin əməkdaşı Şakir İsmayılov da həmin şəxslərdən biridir. Odur ki, onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini Sizdən xahiş edirəm.

Hörmətlə, “Qafqaz Xəbər Agentliyi”nin baş direktoru Məmmədov Araz Kərəm oğlu