Kənd təsərrüfatı mafiyası iş başında - pambıqla baş kəsmək taktikası
Pambıq tarlalarında zəhərlənmələrin arxasında ayağında yeyinti olan, həbs təhlükəsi ilə üzləşmiş sabiq və indiki məmurların dayandığı ehtimalı var
Son 20 gündə pambıq sahələrində baş verən kütləvi zəhərlənmələr gündəmin əsas müzakirə mövzusudur.
Bunu təxribat hesab edənlər də var, mütəxəssis çatışmazlığı ilə əlaqələndirənlər də. Zəhərlənmələrin Azərbaycanda yeni kənd təsərrüfatı nazirinin təyinatından ay yarım sonraya təsadüf etməsi bəzi şübhələr doğurub. Pambıq sahələrindəki zəhərlənmələrin bir qəsd ola biləcəyi də müzakirə edilən mövzulardandır.
Azərbaycanda pambıq əkini hələ sovet dövründən olub və həmin dövrdə pambıqçılıqla məşğul olan mütəxəssislər var. Rəsmi qaynaqlardan belə aydın olur ki, onların təcrübəsindən bu gün də istifadə edilir. Bundan başqa, Azərbaycanda aqrar sahə üzrə geniş mütəxəssis potensialı var. Belə olan təqdirdə pambıq sahələrinə kimyəvi maddələrin düzgün səpilməməsi, təhlükəsizlik qaydalarına düzgün əməl olunmaması sual doğurur. Məgər sahələrin kimyəvi işlənməsi mütəxəssislərin nəzarəti altında gerçəkləşməyib? Ölkəyə bu məqsədlə gətirilən kimyəvi preparatlar müvafiq yoxlamadan keçirilməyib?
Tutaq ki, sahələrin kimyəvi işlənməsi mütəxəssis nəzarəti olmadan baş tutub, ölkəyə bu məqsədlə gətirilən kimyəvi maddələr yoxlanılmayıb.
Belə olubsa, bəs ötən illərdə niyə pambıq sahələrində zəhərlənmələr baş vermirdi? 

İsmət Abbasovun, Heydər Əsədovun nazir işlədikləri dövrdə niyə zəhərlənmə olmurdu? Halbuki onların dövründə kənd təsərrüfatı sahəsində nəzarətsizlik, özbaşınalıq daha çox olub. 
Ölkə prezidentinin bu sahəyə diqqət ayırması İnam Kərimovun təyinatı ilə növbəti mərhələyə keçdi. Çoxları onun kənd təsərrüfatında ciddi dönüş yaradacağını deyir. Əsas arqumentlərdən biri budur ki, İ.Kərimov rüşvətxor və korrupsioner deyil. Hər kəs kənd təsərrüfatı sahəsində durumun yaxşılaşacağını gözlədiyi vaxtda tarlalarda kütləvi zəhərlənmələr oldu.
Media təxribat versiyasını işləyib. Bəs bunun arxasında kim, ya da kimlər dayana bilər? Heç şübhəsiz ilk ağıla pullu, gəlirli, qara pulların meydan suladığı bu sahəyə vaxtilə rəhbərlik etmiş adamlar gəlir. Əlimizdə fakt olmadığından deyə bilmərik ki, bu təxribatların arxasında İsmət Abbasov, yaxud Heydər Əsədovun dayanıb. Kənd təsərrüfatı sahəsində illərlə mafiyalaşmış təbəqə bu təxribatı törədə bilərmi?  Ağlabatan versiyadır. Çünki onların hamısının barəsində araşdırmalar getdiyi deyilir. Milyonlarla manat dövlət vəsaitinin talan edilməsində şübhəli bilinən, həbs ehtimalı yüksək olan yüksək və orta ranqlı kənd təsərrüfatı məmurlarının bu cür ağır cinayətin təşkilatçısı olduqları yəqin ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yoxlanılır.
Mətbuata isə bu mövzunu gündəmdə saxlamaq qalır.“Yeni Müsavat”

"Legion"