Dondurma monopoliyasına - Dövlət Xidmətindən cavab
İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyi Yenicag.az-ın sorğusunu cavablandırıb.
Yenicag.az-a sözügedən Dövlət Xidməti rəisinin müavini İlqar Qasımovun imzası ilə daxil olan cavabda ölkədə dondurma istehsalı və satışında inhisarçılıqla bağlı şikayətlərin səviyyəsinə aydınlıq gətirilib.
Qeyd edək ki, yay mövsümünün başlaması ilə əlaqədar əsas tələbat duyulan məhsullar sırasında dondurmalar xüsusi yer tutur. Əhalinin böyük hissəsi yandırıcı istilərin təsirini azaltmaq və sərinləmək üçün məhz dondurmalardan istifadə edir.
Lakin dondurmalara kütləvi tələbatı nəzərə alan bəzi işbazlar böyük gəlir əldə etmək məqsədilə bazara keyfiyyətsiz məhsul çıxarmaqdan çəkinmirlər. Bu isə sərinlik axtaran bir çox vətəndaşların zəhərlənməsi və həyatlarının təhlükə altına düşməsi ilə nəticələnir.
Eyni zamanda, dondurmalarla bağlı əsas şikayətlərdən biri də bu məhsulun istehsalında və satışında inhisarçılığın hökm sürməsi ilə bağlıdır. Yəni dondurma bazarının böyük hissəsinə nəzarət edən şirkətlər digər istehsalçıların bazara daxil olmalarına imkan vermirlər.
Bu isə dondurmaların qiymətlərinin məhz monopolist şirkətlərin maraqlarına uyğun səviyyədə qalmasına şərait yaradır. Belə bir vəziyyət isə əlbəttə ki, nə bazar payı aşağı olan istehsalçıları, nə də dondurma qiymətlərinin ucuzlaşmasını arzulayan istehlakçıları qane etmir.
Bütün bu məqamları nəzərə alaraq, “Yeni Çağ” Media Qrupu adından dondurma istehsalı və satışı ilə bağlı inhisarçılığın səviyyəsini, o cümlədən şikayətlərin intensivlik dərəcəsini müəyyənləşdirmək məqsədi ilə İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyinə sorğu göndərdik.
Təqdir olunası haldır ki, sözügedən qurum Azərbaycan standartları ilə yanaşdıqda, yetərincə qısa vaxt ərzində sorğumuzu cavablandırdı. Dövlət Xidməti rəisinin müavini İlqar Qasımovun imzası ilə göndərilən cavabda ölkədə inhisarçılıq meyllərinin “Antiinhisar fəaliyyəti haqqında” Qanun əsasında müəyyənləşdirildiyi və belə hallara qarşı tədbirlər görüldüyü vurğulanıb.
Məktubda 2018-ci ilin ötən dövrü ərzində qanunvericiliklə inhisarçılıq fəaliyyəti ilə bağlı şikayət vermək hüququ olan şəxslərdən Dövlət Xidmətinə müraciət daxil olmadığı qeyd olunub.

"Legion"