Fətullah Gülən 3 ElNUR-u ilə Türkiyəyə qayıdır… (İLGİNC GƏLİŞMƏ)
Pensilvaniyadan idarə olunan FETÖ şəbəkəsi azərbaycanlı müridlərinin əliylə Türkiyədə yeni telekanal açır.
AzToday.az xəbər verir ki, “SOCAR – Türkiyə” şirkətinin də dəstəklədiyi TR24 adlı telekanala Elnur Abdullayev rəhbərlik edəcək.  Hansı ki, Elnur Abdullayev Azərbaycan mediasında FETÖ-ya bağlı şəxs kimi təqdim edilir.
Elnur Abdullayev

Məlumatlara görə, FETO-nun DEŞİFRƏ olunan imamı Elnur Aslanov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən də uzaqlaşdırıldıqdan sonra, şəbəkə Azərbaycandakı qüvvələri içərisindən yeni “İMAMI” seçməli oldu. Bu imam isə Elnur Abdullayevdir. Və Elnur Aslanovun Azərbaycandakı biznesinin əksər hissəsinin də Elnur Abdullayevin adına keçirildiyi məlumatlarda əksini tapıb.
Elnur Aslanov

Əslində Elnur Abdullayev Azərbaycan oxucularına yad sima deyil.  Belə ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust, 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl isə E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Ölkə ictimaiyyətinə Ziya Məmmədovun adamı kimi tanınan (Qeyd edək ki, Elnur Abdullayev sabiq nəqliyyat naziri Ziya Məmmədovun baldızı oğludur) E.Abdullayev ötən ilin may ayında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri postundan kənarlaşdırılıb.
Elnur Baimov

Nəqliyyat nazirliyindən kənarlaşdırıldıqdan sonra E.Abdullayevin ölkə kənarında media şəbəkəsi qurması haqda məlumatlar yayıldı. Onu da bildirək ki, bu media layihələrinin yaranmasının bir çoxu Ziya Məmmədovun qılıncının iti vaxtlarına təsadüf edir. Belə ki, sabiq nəqliyyat naziri, Ziya Məmmədov adı mətbuatda mənfi mənada özündən az hallanmayan oğlu Anar Məmmədovla birlikdə çoxsaylı saytlar yaratdı, bir sözlə nəqliyyat sahəsindən korrupsiya yolu ilə əldə olunan milyardları Elnur Baimov və Elnur Abdullayev kimi “komsomolların” layihələrinə buraxdı və gözü götürmədiyi nazirləri həmin saytlara sifariş verərək donos yazılar yazdırtdı. Son günlər isə bu şəbəkənin nəzarətində olan media orqanlarının sayı da artmaqdadır. Bununla bağlı cumhuriyyet.az saytının yazdıqları çox ilgincdir. Sayt yazır ki, Elnur Abdullayev bu gün onlarla internet media orqanına nəzarət edir və onlara qeyri-rəsmi maliyyə dəstəyi verməkdədir. Bundan başqa bu şəxsin FETO-ya bağlılığı birmənalıdır. Elnur Abdullayev bu gün hansısa vəzifə tutmasa belə, əvvəllər də bu şəxs nəzarətindəki media ilə Ziya Məmmədovun xidmətində idi və FETO mənsubu olduğunu bu yolla pərdələmişdi. Ortaya çıxan mənzərə ondan ibarətdir ki, Ziya Məmmədovun “vurulması”ndan sonra tutduğu vəzifədən uzaqlaşdırılan Elnur Abdullayev sabiq İMAM Elnur Aslanov kimi qınına çəkilib təyziqləri özündən uzaqlaşdırmır, əksinə, dirəniş göstərməkdə, bunu virtual mediada yeni saytlar və internet TV-lər yaradaraq nümayiş etdirməkdədir.
Məmməd Gülməmmədov

Yeri gəlmişkən bir qədər əvvəl Azərbaycan mediasında dərc olunan “Azərbaycanın media holdinqi Türkiyədə xəbər kanalı açır” sərlövhəli yazı dərc olunmuşdu. Həmin yazıda qeyd edilirdi ki, Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” şirkəti İstanbulda “Cine 5” və “Kanal 6” telekanallarının ofisinin yerləşdiyi binada yeni tele-kanal açmaq istiqamətində 3 aydır intensiv hazırlıq işləri aparır. Yeni açılan kanalın adı TR24 olacaq. Kanalın idarə heyəti rəhbərinin Elnur Abdullayev, baş direktorunun isə jurnalist, Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov (Qeyd edək ki, Məmməd Gülməmmədov Gülən şəbəkəsinə məxsus liseydə təhsil alıb – red.) olacağı qeyd edilmişdi.  Türkiyədə telakanal açmağın asan bir iş olmadığını nəzərə alsaq, onda bu kanalın arxasında kimin durduğu və hansı maliyyə hesabına ərsəyə gəldiyi sual doğurmaya bilməz. Bu barədə Virtualaz.org-un yaydığı xəbərdə bildirilirdi ki,  “Global Media” qrupu Türkiyədə açmağa hazırlaşdığı xəbər telekanalı üçün indiyə qədər azı 4 milyon dollar xərcləyib, daha bir neçə milyon dollar da xərclənməsi nəzərdə tutulur.
AzToday.az-ın apardığı araşdırmalar zamanı məlum oldu ki, Elnur Aslanov Azərbaycanı tərk edəndən sonra ABŞ-da məskunlaşıb. Eləcə də Elnur Abdullayevin Azərbaycandaki böyük media layihələrini yaradan Elnur Baimov da Amerikadadır.  Həm Elnur Aslanovun, həm də Elnur Baimov Elnur Abdullayevin Türkiyədə açdığı TV layihəsinə dəstək verdiyi və sonuncunun ABŞ-dan verilən təlimatlarla hərəkət etdiyi bildirilir. Başqa tərəfdən isə Elnur Abdullayevin SOCAR rəhbərliyi tərəfindən dəstəklənməsi qaranlıq mətləblərdən xəbər verir.  Ötən yazımızda “SOCAR-Türkiyə”nin Türkiyədə Ərdoğan hakimiyyətinin ən güclü düşmənlərindən olan Gülən şəbəkəsinin nəzarətində olan şəxslərə “qucaq” açmasının başadüşülən olmadığını və Azərbaycanın qardaş ölkədə qoyduğu investisyaları riskə sala biləcəyini qeyd etmişdik. Görünür hələ də SOCAR rəhbərliyi Türkiyədə 2015-ci ildə FETÖ-çulara qarşı aparılan təmizləmə əməliyyatlarından nəticə çıxarmayıb…
FETÖ-nun azərbaycanlı müridləri vasitəsi ilə Türkiyədə yenidən GÜC mərkəzinə çevrilməsi planları ilə bağlı araşdırmalarımız davam edir.

“Legion”