DİM statistik məlumatları açıqladı - Abituriyentlərin 40 faizi uğur qazanıb
Dövlət İmtahan Mərkəzi iyunun 30-da keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb. DİM-dən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 1231 nəfər DİM-in (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 492 (40.0%) nəfər imtahandan uğurla keçib. Cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilmişdir. 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 35.4%-i, 50.5%-i, 48.7%-i, 56.3%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.
Bal intervalı Qeydiyyatdan keçib Test imtahanından uğurla keçib Faizlə (%)
0-100 11 2 18.2
101-200 71 15 21.1
201-300 255 76 29.8
301-400 342 121 35.4
401-500 311 157 50.5
501-600 193 94 48.7
601-700 48 27 56.3
Yekun: 1231 492 40.0
Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 145 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 16 nəfər (11.0%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 4 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

“Legion”