Bakıda ağacları qurutmaq üçün BUNU ETDİ - YENİLƏNDİ
Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub.
Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bunun bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən yaşıllıq sahədə müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Analizin nəticələrinə uyğun olaraq maddənin ağacların bioloji inkişafına təsiri müəyyən ediləcək və qabaqlayıcı tədbirlər görüləcək.
Sözügedən ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə müraciət olunub.

“Legion”