“Şəkərsiz diabet” xəstələrinin dərmanları niyə tapılmır? (ŞİKAYƏT+MÜRACİƏT)
Redaksiyamıza Zərdab rayonu, SU 21 qəsəbəsi ev-14, mən-4-də yaşayan Qocayev Elşad Saməddin oğlunun səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlanmış şikayət məktubunun bir nüsxəsi daxil olmuşdur.
Məktubunda Elşad Qocayev “Şəkərsiz diabet” xəstəsi olan oğlu üçün nəzərdə tutulmuş dərmanları pulsuz ala bilməməsindən şikayət edir və “Qafqaz Xəbər” qəzetindən məsələni işıqlandırmağı xahiş edir. Həmin məktubu olduğu kimi təqdim edirik:
“Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə
Yazıb sizə bildirirəm ki, mən ailə üzvlərim ilə birlikdə Zərdab şəhərində yaşayıram. 1984-cü ildə anadan olmuş oğlum Qocayev Elvin Elşad oğlu 2002-ci ildə xəstəlik nəticəsində Bakı şəhərində yerləşən Uroloji xəstəxanada akademik Cavadzadə tərəfindən əməliyyat olunaraq böyrəyinin biri çıxarılmış və həmin vaxtdan da “Şəkərsiz diabet” diaqnozu ilə Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata götürülmüşdür. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində 2-ci qrup əlil kimi qeydiyyata götürülmüşdür.Keçən bu müddət ərzində oğlum, yaşaması üçün dövlətimiz tərəfindən xəstəliyi ilə bağli dövlət təminatına götürülərək hər ay pulsuz olaraq Zərdab rayon Mərkəzi xəstəxanası tərəfindən bir qutu “Minirin” dərmanı ilə təmin olunmuşdur. Lakin, illlər keçdikcə oğlumun həyatı üçün vacib olan “Minirin” dərmanı ilə təminatında əngəllər yaşamağa başladıq. Belə ki, konkret olaraq 2018-ci ilin ilk günlərindən həmin dərmanı poliklinikanın aptekindın dava-dalaşla, əsəbiliklə, ora-bura zəng etdikdən sonra bir çətinliklə almağa başladıq. Dərmanı problemsiz verməyə məsul olan artek işçisi müxtəlif bəhanələr gətirməyə başladı. Guya, dərmanın daha az miqdarda göndərilməsini, bu xəstəliklə əvvəllər az, indi isə daha çox adamın qeydiyyatda olmasını, dərmanın çatışmamasını, bəzi hallarda isə dava-dalaşdan sonra guya hansısa xəstənin dərmanını borc şəklində bizə verilməsı halları olmuşdur. Əlacsız qalaraq qohum əqrəbadan xahiş etməklə başqa ölkələrdən dərman aldırıb gətirtmişik və aptekə olan “borcumuzu” da qaytarıb vermişik. Bu hal nə qədər davam etməlidir, bilmirəm. Həmin dərmanı çox çətinliklə baha qiymətə yəni 59 manata yaxın qiymətə alıram. Oğlumla yanaşı həyat yoldaşım da əlildir və özüm də heç bir yerdə işləmirəm.Nə üçün oğluma və onunla yanaşı yüzlərlə insana pulsuz dərman verilməsində belə hallar yaranmışdir. Günü-gündən bu işdə irəliləyişlər gözlənildiyi halda əksinə neqativ hallar artmağa başlamışdır. Kimlər isə bu məqamdan istifadə edərək bəzi məsul şəxslər xəstə insanlara pulsuz çatası dərmanları başqa yerdə satdirmaqla özlərinə villalar inşa etdirməklə tez-tez xarici səfərlərə gedirlər.Axı dövlətimiz və onun rəhbəri inanların sağlamlığı qayğısına qalirlar. Son üç ayı dərman ala bilməmişik. Rayonda xəstəxananın baş həkiminin də yanında olub bu barədə məlumat vermişəm. Axırı baş həkim harasa zəng edəndən sonra mənə iyul ayının 20-dən sonra “Minirin” dərmanının olacağını dedilər. Alacağimiz bir qutu “Minirin” oğluma bir ay üçün kifayət etmir.Həmin dərman yazılanda oğlumun 16, indi isə 29 yaşı var.Yaş keçdikcə dərmana olan təlabat da artmışdır. Oğlum bununla əlaqədar 05.07.2018-ci il tarixdə elektron variantda Sizə müraciət etmişdir. Lakin bir cavab verilməmişdir.Bu qədər biganəlik, laqeyidlik və məsuliyyətsizlik nədən yaranmışdır.Oğlumun “Minirin” dərmanı ilə təminatında nöqsanlara və əyintilərə yol verməklə onun sağlamlığına ziyan vuran şəxsləri müəyyənləşdirib məsuliyyətə cəlb etməyinizi, oğlumun tələbatına görə hər ay üç qutu dərmanla təmin olunması və nəticəsi barədə mənə bildirməyinizi xahiş edirəm”.
“Qafqaz Xəbər”
 qəzeti olaraq vətəndaşın şikayəti əsasında Zərdab Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Ruslan Nemətova müraciət etdik. “Dərmanlar qrafiklə, ayda bir dəfə gəlir, indi mən onunla bağlı nəsə deyə bilmirəm. Söhbətin kimdən getdiyini bilmirəm, gəlsin alsın. Dərmanı həkim təyin edir.”- deyə baş həkim bizə bildirdi.
Müxbirimizin “Vətəndaş bildirir ki, ötən ay bu dərman gəlməyib ona görə öz hesabımıza güclə tapa bildik” fikrinə baş həkim cavab verdi ki,“Mən bilmirəm, mən nə bilim, dərman gecikmir, vaxtında göndərilir. Dərmanların əksik göndərilməsi halları olmayıb, yoxdusa əvəzedicisi var”.
Məsələ ilə bağlı dərmanları vətəndaşlara təqdim edən xəstəxananın apteki ilə əlaqə saxladıq.
Aptek əməkdaşı Rəna Eyvazova Dərmanların az gəlməsi və ya gecikmə halları ilə bağlı suallarımızı belə cavablandırdı: “Dərman gəlmədiyi halda biz həmin dəyqə innovasiya mərkəzinə müraciət edirik, bizə deyirlər ki, depomuzda dərman yoxdu. Deyirlər dərman çatdıra bilmirik. “Minirin” dərmanı keçən ay ümumiyyətlə gəlmədi. 7 xəstəmiz var, hamısı qaldı yaman gündə. Məsələn, “calimin” var indi o dərman da yoxdu, hal hazırda rayonda iki xəstəmiz var indi qalıblar pis vəziyyətdə; nə özü var, nə əvəzedicisi. İnnovasiya və təchizat mərkəzində kuratorumuz var, Rasim müəllim, ona müraciət edirik ,deyirlər yoxdu”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovaya müraciət etdik.
“Bəli dərmanların sayında azalma var , amma bu müvəqqətidir, bu Respublikaya gətirilmə ilə bağlıdır.Bu problemin üzərində işləyirlər, çalışırlar ki düzəlsin. Rəhbərliyin də xəbəri var. Araşdırarıq, bilirəm ki, belə bir promlemlər var, çalışarıq ki aradan qaldırılsın”,-deyə Səfayə Əhmədova bildirdi.
Sənan Məmmədli

“Qafqaz Xəbər” qəzeti