Qoyun otararkən kəndlisi ilə rastlaşdı, kolluğa apardı və... - Astarada ŞOK OLAY
Astara rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Tahir Sovqatzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Tahir Sovqatzadə zərərçəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib.
Belə ki, o, 14 iyul 2017-ci il tarixdə, saat 17 radələrində Astara rayon Hamuşam kəndi ətrafında yerləşən Seyidəhməd Nəbiyevə məxsus pay torpağında fərdi təsərrüfatında olan xırdabuynuzlu heyvanları otaran həmkəndlisi Rövşən Cəbiyev ilə təsadüfən rastlaşıb.
Tahir Sovqatzadə orada Rövşən Cəbiyevin onunla bir müddət Bakı şəhərində tikintidə birgə işləmiş və sonuncunun bacanağı olan İsmət Şəfəqətov və atası barəsində təhqiramiz sözlər işlədib.
Bu zəmində Tahir Sovqatzadə Rövşən Cəbiyevlə mübahisə edib. Onların mübahisəsi davaya çevrilib. Dava zamanı o, Rövşən Cəbiyevə qəsdən xəsarət yetirmək qərarına gəlib.
Bu niyyətlə o, yerdən götürdüyü iri çaylaq daşı ilə Rövşən Cəbiyevin üzərinə gedib, təxminən 3-4 metr məsafədən daşı onun başına vurub.
“Köhnə söhbətlər yadıma düşdü”

İstintaq orqanı tərəfindən Tahir Sovqatzadənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Tahir Sovqətzadə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, iyulun 14-də, saat 14 radələrində həmkəndliləri Qafar Haxverdiyev və Mətləb Hacıyev ilə birlikdə meşədə otlayan inəklərini yoxlamaq üçün gedib: “Saat 17 radələrində Rövşən Cəbiyevlə rastlaşdım. Rövşəni görəndə aramızda olan köhnə söhbətlər yadıma düşdü. Ona bildirdim ki, nahaq yerə adımdan olmayan söhbəti danışmısan”.
“Dedi ki, məni vur, səndən 5000 manat pul alaram”

Tahir Sövqətzadənin sözlərinə görə, sonra aralarında mübahisə düşüb və əlbəyaxa olublar: “Qafar həmin vaxt bizi araladı. Əlbəyaxa olan zaman Rövşən dedi ki, məni vur, səndən 5000 manat pul alaram. Dava düşəcəyini hiss etdim, qaçaraq həmin yerdən uzaqlaşdım. Rövşən isə çəpərdən bir paya çıxararaq mənim və ailə üzvlərimin ünvanına söyüşlər söyə-söyə arxamca qaçdı. Mən də Rövşənə söydüm. Rövşənin mənə çataraq paya ilə vuracağını güman etdim. Yerdən daş götürərək ona atdım. Daş Rövşənin başından dəydi. Rövşən yerə yıxılaraq huşunu itirdir”.
“Tutduğum əməldən peşmanam”

Təqsirləndirilən şəxs qeyd edib ki, bulaqdan su gətirərək Rövşənin başına töküb: “Qafar və Mətləb də mənə yardım göstərdi. Sonra Rövşənin atasının həkimlə ora gəldiyini gördüm. Söz-söhbət olmasın deyə oradan uzaqlaşdım. Həmin gün Rövşəni Lənkəran xəstəxanasına, sonra isə müalicə üçün Bakı şəhərinə apardılar. Tutduğum əməldən peşmanam”.
“Soruşdum ki, niyə yalan söz demisən?”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rövşən Cəbiyev Tahir Sovqətzadə ilə aralarında yaranmış söz-söhbətin səbəbinı açıqlayıb: “Aramızda olan söz-söhbətə səbəb Tahirin əsassız olaraq kənddə qaynım Şöhrət Məmmədov və bacanağım İsmət Şəfəqətovun arxasınca danışması olub. İyulun 14-də, saat 17 radələrində qoyunları otarmaqdan həyətimizə gətirmək istəyəndə Tahir Sovqətzadə, həmkəndlimiz Qafar Haqverdiyev və onun əmisi oğlu Mətləb Hacıyevlə rastlaşdım. Həmin vaxt pay torpağının ətrafına çəkilmiş çəpərdən təxminən 10-12 metr aralı olmuşam. Tahir isə məndən təxminən 5-6 metr aralı dayanmışdı. Tahirdən soruşdum ki, niyə İsmətə yalan söz demisən. Onun yanında nə vaxt İsmətin atasının ünvanına söyüş söymüşəm? Tahir yenə üzümə durdu ki, guya yanımda İsmətin atasının ünvanına söyüş söymüşəm”.
“Ünvanıma var-yox söyüşü söydü”

Zərərçəkmişin sözlərinə görə, sonra onların arasında mübahisə yaranıb, Tahir onun ünvanına söyüş söydüyü üçün əsəbiləşib və Tahirin üstünə gedib: “Həmin zaman biz əlbəyaxa olduq. Orada olan Qafar aramıza girdi, bizi ayırdı. Bu zaman Tahir ünvanıma var-yox söyüşü söydü, yamacla üzü aşağı - qaragilə kolları tərəfə qaçdı. Tahirin arxasınca 50-60 metr qaçdım. Aramızda 7-8 metr məsafə qalanda Tahir mənə qarşı çevrildi və kolun ətrafındakı iri çaylaq daşını ikiəlli götürərək mənə tərəf atdı. Tahirin atdığı daş sol gicgah nahiyəmdən dəydi. Zərbənin təsirindən yerə yıxıldım. Bundan sonra baş verənləri xatırlamıram”.
“Ondan şikayətçiyəm

Rövşən Cəbiyev qeyd edib ki, Bakı şəhərində onun başında cərrahiyə əməliyyatı aparılıb: “Qafar Haqverdiyev və Mətləb Hacıyevin mənim guya çəpərdən paya çıxarıb Tahir Sovqətzadənin arxasınca qaçmam barədə ifadələrində göstərdikləri doğru deyil. Tahir Sovqətzadə tərəfindən mənim müalicəmə heç bir köməklik göstərilməyib. Ondan şikayətçiyəm”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahir Sovqatzadə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Tahir Sovqatzadə apelyasiya şikayəti verib. O, şikayətində işinə yenidən baxılmasını istəyib.
Tahir Sovqatzadənin apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Tahir Sovqatovun şikayəti təmin edilməyib.

“Legion”