Təcili yardım gecikdi — Gənc oğlan həyatını itirdi
Ötən gecə Bakının mərkəzində küçədə ölən şəxsin kimliyi məlum olub.

"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev  bildirib ki, ölən şəxs Sabirabad rayon sakini 30 yaşlı Elman Hüseynovdur. 
O deyib ki, paytaxtın 28 may və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verən ölüm hadisəsi ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınsına çağırış birinci dəfə saat 03.20 radələrində daxil olub. Baş həkimin sözlərinə görə, çağırışı mərhumun dostu edib. 
R.Nağıyev qeyd edib ki, saat 03.36 radələrində, yəni çağırışdan 16 dəqiqə sonra həkim briqadası artıq hadisə yerində olub: “Bizdə həm səs yazıları, həm də monitor izlənmə var. Hamısı qeydiyyatdadır. Polis maraqlanıb və 03.37-də təcili yardım orada olub. Biz ora çatanda artıq şəxs dünyasını dəyişmişdi. Ətrafdakılarının dediyinə görə, o, yaxınlıqdakı bardan çıxıb. Dostu çağırış versə də, hadisə yerindən qaçmışdı. Lakin sonra polis onu tapıb gətirib. Polisin sözlərnə görə, ölən şəxs narkotik istifadəçisi olub”.
Baş həkim bildirib ki, içkidən belə sürətli ölüm hadisəsi baş verə bilməz:
“Elə olsaydı, həmin şəxsdə ağırlaşma və ya komaya düşmə halları ola bilərdi. Sürətli ölüm halı narkotik qəbulunda qeydə alınır. Meyit aidiyyəti üzrə təhvil verilib, hüquq-mühafizə orqanları məsələni araşdırır”. 
***
"Ölkə.Az"ın Report-a istinadən verdiyi xəbərinə görə, hadisə 28 May ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.
Belə ki, hadisə şahidlərinin verdiyi məlumata görə, təxminən 25-30 yaşlı oğlan sərxoş vəziyyətdə yolun kənarında  halı qəfil pisləşib. Bunu görən Bakı sakini Aynur Məmmədova Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) müraciət edib. Təcili yardım briqadası gələnə qədər adı hələlik bilinməyən şəxs dünyasını dəyişib. A.Məmmədova "Report"a bildirib ki, təcili yardım məlumat verilən müddətdən təxminən 1 saat müddətində gəlib.
Təcili Tibbi Yardım Xidmətinin həkimi isə "Report"un əməkdaşının suallarını cavablandırmaqdan boyun qaçırıb.
Baş vermiş ölüm hadisəsi ilə bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 
Meyit müayinə olunması üçün morqa təhvil verilib. Hazırda hadisənin dəqiq səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

“Legion”