Lerikdə eradan əvvəl V-III əsrlərə aid qəbirlər və mədəniyyət nümunələri tapıldı
Lerik rayonunun Gürdəsər kəndində aparılan arxeoloji qazıntılar zamanı eradan əvvəl V-III əsrlərə aid yeni insan qəbirləri və maddi-mədəniyyət nümunələri aşkar edilib.
Publika.az xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2012-ci ildən Lerikin Gürdəsər kəndində Piboz adlanan təpədə genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.
Şəhərdən 20 kilometr aralıda yerləşən bu ərazidə antik dövrə aid torpaq qəbirlərin içərisindən o dövrün adət-ənənəsinə müvafiq olaraq sağ və sol böyrü üstə uzadılmış insan skeletləri, onların yanında isə saxsı qablar və tunc bəzək əşyaları, qılınclar, nizə, bıçaq aşkarlanıb. Eyni zamanda, heyvan şəklində qablar da vardır ki, bunların da xüsusi ayinlərlə bağlı olduğu bildirilir.
Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bildirib ki, Lerik rayonunun Gürdəsər kəndində qazıntılar zamanı ümumilikdə 180-dən çox qəbir aşkar olunub. Burada 2400-2500 il əvvəl geniş bir ərazini əhatə edən qəbiristanlıq olub. Qəbiristanlıq sıxlığı ilə də diqqət çəkir. Bu, onu göstərir ki, həmin dövrdə ərazidə 300-500 il bir dövrü əhatə edən yaşayış olub.
Qeyd olunub ki, 2016-cı ildən antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət olunub. Artıq üçüncü ildir ki, ekspedisiya beynəlxalq statusda fəaliyyət göstərir. Xarici mütəxəssislər burada əsasən heyvan və insan sümüklərinin araşdırılması üzrə antropoloji tədqiqatlar aparırlar.
Ekspedisiya fəaliyyətini iyulun 31-də yekunlaşdıracaq.

“Legion”