Müəllimlərin işə qəbulu üçün keçid balları açıqlandı
Bu müəllimlərin işə qəbul imtahanında 39163 nəfər iştirak edib. Onlardan 4612 nəfər 80 faizdən, 18 613 nəfər 60 faizdən yüksək nəticə göstərib. Bu da kifayət qədər yaxşı göstəricidir. Bir nəfər isə 60 bal toplayıb.
Publika.az xəbər verir ki, bu sözləri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə "Təhsil TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan bölməsi üzrə imtahan verənlərin nəticələri rus bölməsi üzrə imtahan verənlərdən daha yüksək olub.
“Ən yüksək nəticələr riyaziyyat, kimya, coğrafiya, tarix fənlərində müşahidə edilib. Namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. İmtahana davamiyyət 88 faiz olub və bu da kifayət qədər yüksək göstəricidir. İmtahanlar zamanı ən yüksək davamiyyət riyaziyyat və fiziki tərbiyə fənləri üzrə olub ki, burada namizədlərin 90 faizdən çoxu test imtahanında iştirak edib”.
M.Camalzadə artıq imtahan fənləri üzrə keçid ballarının müəyyən edildiyini bildirib:
“İmtahanda keçid balı müəyyən edilib. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə hər iki bölmədə həvəsləndirmə tədbirlərinin tətbiq edilmədiyi müəssisələr üzrə keçid balı 42, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 36 bal müəyyən edilib. Bu fənlər üzrə şəhər, rayon və qəsəbələr üzrə bu keçid balları dəyişmir. Qalan fənlər üzrə keçid balı əvvəlki illərdə olduğu kimi saxlanılıb”.
M.Camalzadənin sözlərinə görə, bu gündən vakansiya seçimi başlayır və avqustun 8-dək davam edəcək.
“Müsabiqəyə 7 mindən artıq vakant yer təqdim edilib. Vakant yerlərin 90 faizə qədər Azərbaycan, qalanı rus bölməsi üzrədir. Vakansiyaların 60 faizi həvəsləndirmə tədbirləri təşkil edilən müəssisələri əhatə edir”.

“Legion”