Alicənablıq və səxavətlilik. Bu gün Mehriban Əliyevanın ad günüdür
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür.
Mehriban Əliyeva Azərbaycan xalqının səmimi sevgisini və hörmətini qazanmış nüfuzlu dövlət və ictimai xadimdir. Humanizm, mehribanlıq, eyni zamanda iradə, qətiyyət – bu cizgilərin xüsusi birləşməsi rütbəsindən və vəzifəsindən asılı olmayaraq hər kəsin heyranlıq duyduğu, inandığı və sözünü dinlədiyi Birinci vitse-prezidentin şəxsiyyətinin təkrarolunmaz obrazını yaradır.
Güclü xarakter, dəqiq prinsiplər, yüksək nüfuz – bütün bunlar Mehriban Əliyevaya Azərbaycanın Birinci vitse-prezidenti kimi vəzifələrini ən yüksək səviyyədə icra etməyə kömək edir. Mehriban Əliyeva dövlətçiliyimizin möhkəmlənməsi və ölkəmizin çiçəklənməsi naminə çox böyük işlər görür. Onun fəaliyyəti sahəsinə irimiqyaslı sosial layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan reallıqlarının dünyada təbliği, Azərbaycan mədəniyyətinin inkişafı üzrə tədbirlər, ölkə daxilində və xaricində çoxsaylı humanitar aksiyalar və bir çox digər məsələlər daxildir. Birinci vitse-prezident vəzifəsində çalışdığı ilyarım ərzində Mehriban Əliyeva yüksək intellekt və mürəkkəb tapşırıqları həll etmək bacarığı tələb edən nəhəng işlər görüb.
Mehriban Əliyevanın təşkilatçılıq bacarığı həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda tanınıb. Buna nümunə kimi Bakıda “Eurovision” mahnı müsabiqəsinin təşkilini göstərmək olar. Bu, həmin beynəlxalq festivalın tarixində ən yaxşı müsabiqələrdən biri oldu. Eyni uğurla Azərbaycanda tarixdə ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları keçirildi.
Mehriban Əliyeva Azərbaycana qarşı erməni təcavüzü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə böyük töhfə verir. Burada Heydər Əliyev Fondunun miqyasına görə misilsiz “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya ictimaiyyətinin erməni işğalçılarının azərbaycanlı dinc sakinlərə qarşı dəhşətli cinayəti barədə məlumatlandırılmasına yönəlmiş və bir çox ölkələrdə keçirilən aksiyalar, sərgilər və digər tədbirləri xüsusilə qeyd etmək lazımdır. Bu kampaniya və onun çərçivəsində keçirilən aksiyalar sayəsində bir çox ölkələr Xocalı soyqırımına hüquqi qiymət verib: 12 ölkə, ABŞ-ın 21 ştatı və bir çox nüfuzlu beynəlxalq təşkilatlar müvafiq sənədlər qəbul edib.
Mehriban Əliyevanın ölkədə sosial sahənin inkişafına töhfəsi və xidmətləri də hüdudsuzdur. Birinci vitse-prezidentin diqqət mərkəzində hər zaman şəhid və Milli Qəhrəman ailələri, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıqlarını itirmiş şəxslərə qayğı dayanır. Xatırladaq ki, Mehriban Əliyevanın tapşırığı ilə 2016-cı il aprel döyüşlərinin qəhrəman hərbçiləri onlara tam olaraq həyata bağlanmağa imkan verən yüksək texnologiyalı protezlərlə təmin olunublar.
Bu ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün əsası bir il əvvəl Birinci vitse-prezidentin iştirakı ilə qoyulmuş “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər. Avqustun 1-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlilləri və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi mərasimində iştirak etdilər. Son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilib. İlin sonuna qədər isə 4 min məcburi köçkün ailəsi – təqribən 20 min nəfər yeni mənzillərlə təmin olunacaq. Təkcə bu rəqəmlər ölkəmizdə aparılan sosial siyasətin geniş miqyasını çox gözəl təsvir edir.
Mehriban Əliyeva öz şəxsi nümunəsi ilə insanları daha çox yaxşılıq etməyə çağırır. Onun fəaliyyəti əsl bağışlamaq qabiliyyətini, humanizmi və insanlara məhəbbəti təcəssüm etdirir. Təsadüfi deyil ki, məhz Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanda dörd dəfə genişmiqyaslı amnistiya elan edilib.
Mehriban Əliyev valideyn himayəsindən məhrum olan uşaqların təlim-tərbiyəsini, onların təhsilini daim diqqətdə saxlayır. Bütün görülən işlər və qayğı nəticəsində artıq Heydər Əliyev Fondu bu uşaqlar, yeniyetmələr üçün bir ailəyə çevrilib.
Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsində fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Mehriban xanım 2002-ci ildə Federasiyaya rəhbərlik etdikdən sonra məhz onun şəxsi töhfəsi və böyük işi sayəsində Azərbaycanda gimnastika öz miqyasına görə inanılmaz inkişaf yolu keçdi. Milli gimnastika məktəbi, demək olar, sıfırdan yaradıldı və bu gün idmançılarımız bu idman növündə böyük uğurlar əldə edirlər.
Mehriban Əliyeva dünyada yeganə insandır ki, eyni vaxtda iki ən iri beynəlxalq humanitar təşkilatın – YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Bu da onun yüksək beynəlxalq nüfuzunun daha bir təsdiqidir. Bu, həmçinin Mehriban Əliyevanın mədəniyyət, təhsil, elmin dəstəklənməsi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı sahəsində fəaliyyətinin əyani şəkildə qiymətləndirilməsidir. Məhz Mehriban Əliyevanın səyləri sayəsində YUNESKO-nun dünya irsi siyahısı Azərbaycan mədəniyyətinin şedevrləri ilə zənginləşdirilib.
Mehriban Əliyevanın sivilizasiyalararası dialoq, müxtəlif mədəniyyətlərin qarşılıqlı anlaşması və dünya irsinin qorunması sahəsində səyləri həm ölkədə, həm də xaricdə böyük dəstək görür. Dünyanın bir çox ölkələrində Azərbaycanın tarixi və mədəniyyətini təbliğ edən sərgilər təşkil edilir.
Mehriban Əliyeva görkəmli şəxsiyyət və Prezident İlham Əliyevin etibarlı silahdaşı olaraq ölkəmizin möhkəmlənməsi və çiçəklənməsi işinə öz dəyərli töhfəsini verir, həm Azərbaycanda, həm də ölkədən kənarda böyük nüfuza malikdir.
Emin Əliyev,

Day.az-ın baş redaktoru

"Legion" İnformasiya Agentliyinin kollektivi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir və onun ünvanına daxil olan çoxsaylı arzu və minnətdarlıqlara qoşulur.