İbrahim Mehdiyevin bağçasında 2 yaşlı uşağı döyüblər? - İDDİA/ AÇIQLAMA
Azərbaycanda uşaq bağçasında daha bir uşağın döyüldüyü iddia edilir.

BakuPost xəbər verir ki, belə bir iddia ilə uşağın valideyni Pərvin Şükürzadə çıxış edib. O, 2 yaşlı oğlu David Şükürzadənin "Nərgiz” körpələr evində yumruqlandığını deyib:

"Uşağı bağçadan götürüb evə gələndən sonra gördük ki, dayanmadan ağlayır, narahatdır. Soyundurub bədənini müayinə edəndə aydın oldu ki, beli gömgöydür, yumruq izləri var.

Bundan sonra mən, 102 xidmətini yığdım və zorakılıq haqda xəbər verdim. Uşağın bədənində olan zədələri müayinə edən həkim və həkim-ekspertlər baxıb, onların hamısı uşağa xəsarət yetirilməsini təsdiqləyiblər. Bildirmək istəyirəm ki, uşağın belində olan yumruq izlərinin ölçüləri qadın əlinin ölçülərinə uyğundur”.

Valideyn həm polisin, həm də bağça rəhbərliyinin hadisəyə biganə yanaşmasından da şikayətçidir. P.Şükürzadə deyir ki, uşağın bədənində göyərti izlərini görən kimi bağçaya zəng ediblər, rəhbərlik isə vecsiz halda bunu bayramdan sonra işə gələndə araşdıracaqlarını deyiblər.

Onun sözlərinə görə, polis də hadisənin araşdırılması ilə bağlı dəqiq məlumat vermir. Ailəyə istintaqın gah 29-cu polis bölməsində, gah da Yasamal Baş Polis İdarəsində aparılacağı bildirilib.

"Polis həm də deyir ki, onurğası sınmayıb, nə cinayət işi açaq? Halbuki bizə məlum olub ki, uşaq 3 aydır, zorakılığa məruz qalır. Bağçada kameralar da bütün otaqları, bağçanın həyətini əhatə etmir. Mənim uşağımı müşahidə edən kameranın isə saat 17:00-dan sonra işləmədiyini deyirlər”.

İddialara görə, bağça Yasamal rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsusdur. 

BakuPost-un əməkdaşı mövqeyini öyrənmək üçün bağça ilə əlaqə saxlayıb. Körpələr evinin qəbul şöbəsində çalışan Sevər adlı xanım açıqlamasında bildirib ki, bununla bağlı hüquq-mühafizə orqanları bağçada araşdırma aparıb və iddia təsdiq olunmayıb:

"Hüquq-mühafizə orqanlarından gəldilər, yoxladılar, kameraları izlədilər. Amma heç bir hadisəyə rast gəlmədilər. Bu iddia ilə bağlı iş fakt təsdiq olunmadığı üçün bağlanıb. Bunu yenidən şişirtmələri nə məqsəd daşıyır, biz özümüz də bilmirik”.

Sevər xanım uşağın 3 ay müddətində zorakılığa məruz qaldığı iddialarına belə cavab verib: "Uşaq bu müddət ərzində döyülürdüsə, valideyn onu yenə niyə bağçaya gətirirmiş? Həftədə 2-3 dəfə gətirirdilər, sonra da aparırdılar. Bizdə heç vaxt belə bir hadisə olmayıb”.

"Legion"