“Hamını bloklayıb, mənzilləri öz adamlarına satdılar”
Mənzil İnşaatı Dövlət Agentliyi birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesində  mənzillərin seçiminin uğurla başa çatdığını açıqlasa da, narazı qalanlar hədindən artıq çoxdur.
Bəhruz Vəlizadə “Marja”ya yazıb ki, 15:00-dan sonra sistemi işləməyib. Fotodan gördüyünüz kimi, saat 15:28-dir, amma sistem “Not faund” yazır. Bu sistemin çökməsinin sübutudur”.
MİDA-nın Facebook səhifəsində də yüzlərlə şikayətlər yazılıb:
Razi Əhmədov
 yazıb: “Yenə də əvvəlki oyun:  portal işləmir, işlədikdə isə artıq mənzillər seçilib. İşləmirsə mənzillər necə seçilib? Şəfafflıq, ədalətlilik və bərabərlik prinsipləri pozulub”.
Rafiq Məmmədov 
yazıb ki, aparılmış satışın şəffaf olması sual altındadır.
Fərid Abdullayev:
 Aldadıcı layihə, aldadılmış məsum bizlər. Sistemə girmək mümkün deyildi, amma mənzillər seçilmişdi.
Elvin Qasımov:
 Sistemə daxil ola bilmirdik. “Not Found” yazırdı. Sonra açıldı, mənzillər qalmadı. Qaytarın bizim haqqımızı. E-gov portalı minlərə istifadəçinin daxil olması nəticəsində çökürsə, deməli güclü hazırlanmayıb. Necə olur ki, sosial şəbəkəyə milyonlarla insan daxil olur, amma çökmürlər. Sadəcə gülməlidir.
Röyal Hüseynov:
 Siz mənzillərin hamısını öncədən satmısınız. Səhər sistemə daxil olanların kompyuterinin İP-sini sizin sistem götürdü. Saat 15:00-da lazım olmayanların sistemə daxil olması əngəlləndi.
Murad Həsənli:
 Yalan danışırsınız. Hüquqşünas dostumla satışın təşkili barədə şikayətimizi prokrorluğa təqdim edəcəyik.Qanunvericiliyə görə, satış prosesinin bütün elektron detalları ilə tanış olmaq və ekpertiza tələb etmək hüququmuz var. Bu işin sonuna qədər gedəcəyik.
Kelvin Best: 
Sistem səhər saat 09:00-dan etibarən donmuşdu. Sonra seçim 15:00-a keçirildi. Yenə daxil olduqda 1 saat satış bölümünün seçilməsi “buton”unda, sonradan isə digər xanaları seçim “buton”larında donma baş verdi. “Don” açılanda isə artıq hər bir mənzil satılmışdı. Bu, ədalətsizlikdir.
Camal Mənsimli:
 Bu gün sizin göstərdiyiniz xidmət deyildi, biabırçılıq idi. 30 dəqiqə xidmət ümumiyyətlə açılmırdı. Əlimdə video və foto çəkilişlər var. Agentliyə qarşı məhkəmədə iddia qaldıracam. Belə biabırçılıq olmaz. Lazımi orqanlara da video və foto çəkilişləri təqdim edəcəm. Görək yüzlərlə insanın dəqiqələrlə daxil ola bilmədiyi seçim necə baş tutmuş sayılır?
Camal Mənsimli: 
Hər kəs sənədlərini hazırlasın, sayta daxil olmağın qeyri-mümkünlüyü ilə bağlı video və foto sübutları (kimdə varsa) toplasın, məhkəməyə müraciət etmək lazımdır. Şəxsən mən iddia qaldıracam ki, satış baş tutmamış hesab edilsin.
Kamal Nəsirli:
 Hamısın öz tanışlarına satıb yalandan camaata şou göstərirlər.
Anar Qurbanov: 
Kənar adamları blok edib, öz tanıdıqlarına isə sistemi açıb mənzilləri onlara satdılar.
Abbas Tağıyev: 
Həqiqətən bir neçə adam seçib. Necə seçib maraqlıdır. Amma seçiblər də kişinin uşaqları.... Sistem xətalı olduğunu  Mənzil İnşaatı DövlətAgentliyi də bilir. Amma artıq elan ediblər ki, hər şey şəffaf olub. Bundan sonra da heç nə dəyişən deyil. Nə bilim sözün bitdiyi yerdəyik. Niyə belə olur anlamaq da olmur. Kimi azacıq bir vəzifəyə qoyursan onun öhdəsindən gələ bilmir. Camaata bir dəfə də olsun düzgün xidmət göstərin.
Burzu Qılıncxanov: 
Saxtakarsınız!
Günay Məmmədova: 
Sistem çox güclü bloklanmışdı.
Müslüm Quliyev: 
Yalan danışırlar. Saat 15.45-qədər sistemə girmək mümkün olmadı, özləri sistemi bağlamışdılar. Sonra sistem açılanda məlum oldu ki, bütün mənzillər seçilib. Dələduzluqla məşğuldurlar, işlə yox.
Qeyd edək ki, sosial şəbəkədə yüzlərlə şikayət yazılıb. Onlar mənzil seçmək hüquqlarının pozulduğunu qeyd ediblər. Mənzil seçənlərin isə şərhələrinə çox az rast gəlinir.
Mənzil seçənlər qeyd edirlər ki, onlar da çətinliklə seçim ediblər.
"Səhər heç nə alınmadı. Günorta isə çətinliklə də olsa, ərizə verə bildim. Yəni problem tamamilə texnikidir. Burada korrupsiya halı yoxdur", - mənzil seçmiş vətəndaşlardan biri "Marja"ya bildirdi.
Mənzil seçənlər sosial şəbəkədə öz şərhlərində yazıblar:

Elshan_rmm: 
Mən öz təşəkkürümü bildirirəm. Öz adımdan deyə bilərəm ki, şəffaf və rahat oldu. Lazımi mənzili seçə bildik. Sıradan bir vətəndaş kimi mən razı qaldım.
Roshka_father: 
 Mən 1 otaq seçdim, bildiriş aldım.
Elnur Qəhrəmanov:
 24 dəqiqə sonra, 3 otaqlı istəyirdim 2 otaqlı seçə bildim.
Henry Hul: 
Mən seçə bildim.
V.s.z.m: 
Biz mənzili çox şükür seçdik. 
Karimov.ilgar:
 Mən ev seçdim. Seçə bilməyənlərə növbəti satışlarda uğurlar arzulayıram.
Narazı qalanlar iddia edirlər ki, mənzil seçənlər MİDA-nın öz adamlarıdır və  sosial şəbəkədə müsbət fikirlər yazırlar.
MİDA: VƏTƏNDAŞLAR BƏRABƏR ŞƏRAİTDƏ SEÇİM İMKANINA MALİK OLMUŞLAR

Mənzil İnşaatı Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzilin seçimi başa çatdırılmışdır.
"Güzəştlə mənzil əldə etmək hüququna malik olan vətəndaşlar Elektron İmza və ya Asan İmza ilə “Güzəştli mənzil” sistemində öz elektron kabinetlərinə daxil olub real vaxt rejimində mənzilləri bərabər şəraitdə seçim  imkanına malik olmuşdur.
Mənzili seçmiş vətəndaşlara ərizələrinin imzalanması üçün növbəti günün sonuna qədər vaxt verilsə də, bu saata olan məlumata əsasən onlardan 90%-dən çoxu artıq mənzil seçimi ərizələrini imzalayaraq təqdim etmişdir".
MİDA SİSTEMİN TƏKMİLLƏŞDİRİLDİYİNİ BƏYAN ETMİŞDİ

Qeyd edək ki, 27 İyul 2018-cki il tarixində MİDA “Güzəştli mənzil” sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər uğurla başa çatdırıldığını açıqlamışdı
“Güzəştli mənzil” sistemi vasitəsilə mənzillərin seçimi zamanı bərabər şəraitin yaradılması, şəffaflığın və operativliyin təmin edilməsi məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirmişdir.
“Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün bir sıra işlər görülmüşdür. Bununla yanaşı, MİDA tərəfindən "Ernst & Young" (“EY”) nüfuzlu beynəlxalq audit şirkəti cəlb edilərək, “Güzəştli mənzil” sisteminin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (“Trust Services” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirilmişdir. Cari ilin 20 iyul tarixində “EY” şirkəti “Güzəştli mənzil” sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı həyata keçirdiyi qiymətləndirməni başa çatdırmış və əldə olunmuş nəticələrə dair “SOC 2” və “SOC 3” rəylərini təqdim etmişdir. Aparılmış yoxlamalar nəticəsində "Güzəştli mənzil" sisteminin etibarlılığı və Əsasnaməsində qeyd olunan məqsəd və fəaliyyət prinsiplərinə uyğunluğu təsdiqlənmişdir.
SOC (Service Organization Controls) - elektron xidmət göstərən təşkilatlarda daxili nəzarət sistemlərinin effektivliyi haqqında hesabatlar toplusudur.  “SOC 2” və “SOC 3”, “WebTrust” və “SysTrust”ın mövcud 5 prinsipinə (təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və icazəsiz girişdən müdafiə) əsaslanan ictimai hesabatlardır. Bu rəyləri əldə etmiş təşkilatlar sırasına elektron xidmət göstərən “Google” (https://cloud.google.com/security/compliance/soc-3/) və “Amazon” (https://aws.amazon.com/ru/compliance/soc-faqs/) kimi dünyanın qabaqcıl şirkətləri vardır.
Qeyd olunmalıdır ki, "Güzəştli mənzil" sistemi “EY” şirkəti tərəfindən kompleks audit yoxlamalarından keçirilərək Azərbaycanda “SOC 2” və “SOC 3” rəylərini almış ilk və yeganə elektron sistemdir. Bu isə öz növbəsində sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı “Güzəştli mənzil” sisteminin hər bir istifadəçisinə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.
“Güzəştli mənzil” sistemi, əsasnaməsinə uyğun olaraq “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış və ona inteqrasiya edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına uyğun olaraq  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən "Elektron hökumət” portalında müvafiq təkmilləşdirmə işləri aparılmışdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “AzInTelekom” MMC tərəfindən proseslərin dayanıqlığının artırılması məqsədilə “DATA mərkəz”də əlavə resursların ayrılması operativ şəkildə təmin edilmişdir və nazirliyin tabeliyində Məlumat Hesablama Mərkəzi tərəfindən elektron imzanın "Güzəştli mənzil" sistemində fəaliyyətinin dayanıqlığının artıılması istiqamətində sınaqlar keçirilmişdir".
Buna baxmayaraq dünən səhər MİDA belə bir açıqlama yaydı: "05.09.2018-ci il tarixi saat 11:00-a təyin edilmiş mənzillərin satışının başlanması saat 15:00-a keçirilmişdir".

"Legion"