Məharət Mustafayevə qarşı ittihamlar
Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olmuş Məharət Mustafayev onlarla vətəndaşı aldadıb; torpaq dəllalı kimi ad çıxarmış sabiq rəisin qanunsuzluqları ilə bağlı hüquq-mühafizə orqanlarına şikayətlər verilib; M.Mustafayevin avtoxuliqan oğlu İH-də “işləyirmiş”...
“Gəncə şəhər icra hakimiyyətində ciddi araşdırmalar başlayıb. Şəhərin mərkəzində və şəhərətrafı ərazilərdə 100 hektarlarla torpaq sahəsini, habelə xeyli tikilini faktiki sahiblərinin əllərindən zorla, təhdidlə alaraq müxtəlif adamlara saxta, qanunsuz sənədlərlə satıblar. Bu işləri isə birbaşa Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev həyata keçirib. Yeni başçı Niyazi Bayramov onu ötən həftə işdən çıxardı və fəaliyyətinin araşdırılması üçün komissiya yaratdı. Komissiyanın ilkin təftişi zamanı çoxsaylı qanunsuzluqlar fiksə olunub. Habelə, Məharət Mustafayevin işdən çıxarılmasından sonra onun mal-mülkünü mənimsədiyi şəxslər də hüquq-mühafizə orqanlarına müraciətlər etməyə başlayıblar”.
Bunu müsavat.com-a Gəncədəki mənbə deyib. Qaynaq qeyd edib ki, Məharət Mustafayev “qara kassa” olub və Gəncədə mülkiyyət, torpaq yağmalamaları məhz onun vasitəsilə həyata keçirilib:
 “O, Yevlaxda rayon torpaq şöbəsinin müdiri işləyirdi, Yevlaxda da torpaqları yağmalayıb, sahiblərinin əlindən təhdidlə alıb iş adamlarına, müxtəlif şəxslərə satırdı. Sonradan Gəncənin Nizami rayonuna icra başçısı təyin edildi. Məharət Mustafayevin zülmü bu rayonda ərşə qalxmışdı, hətta məcburi köçkünlərin məskunlaşdığı torpaqları, onların örüş yerlərini də əllərindən alıb satırdı. O, əndazəni aşdığına görə bu vəzifədən azad edildi, az sonra Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi təyin edildi. Yeni vəzifədə də köhnə əməllərindən qalmadı". 
Məharət Mustafayev
in şəhərdə hara gözü düşdüsə, sahibinin əlindən zorla alırdı; ya orada özünün biznesini qururdu, ya da baha qiymətə başqasına saxta sənədlə satırdı. Mülkün faktiki sahibi məhkəməyə müraciət edib, haqqını tələb edəndə isə nüfuzundan istifadə edib, ya məhkəmədən işi geri qaytarırdı, ya da qərarın icrasına imkan vermirdi. Bununla yanaşı, Məharət Mustafayev bir neçə iş adamına qiyməti 200 min, 1 milyon manat dəyərində olan mülklər satıb, lakin onlara saxta sənədlər verib. Bəzi şəxslər sənədlərin saxta, mülkiyyətin faktiki olaraq başqasına aid olduğunu biləndə Məharətdən pullarını geri tələb ediblər. Lakin onlar hədələniblər, təhdid ediliblər. Son olaylardan sonra isə həmin adamlar Məharət Mustafayevdən pullarını geri tələb edirlər, o isə həmin adamlardan qaçır. Söhbət bir neçə milyon manatdan gedir.
Bir neçə vətəndaş isə onun tərəfindən dələduzluğa məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına, yeni başçının yaratdığı komissiyaya müraciətlər edib. Bu şikayətlər əsasında Məharət Mustafayevin həbsi qaçılmazdır, çünki bu cinayət xarakterli, mülkiyyət əleyhinə qanunsuzluqlar birbaşa onun rəsmi imzası ilə reallaşıb. Həmçinin şəhərin mərkəzi hissələrində Məharət Mustafayevin “haqq” tələb etdiyi, ala bilmədikdə yerlə-yeksan etdiyi onlarla obyektin sahibi də şikayətçidir".
Mənbə maraqlı bir məlumat da verdi. Belə ki, Məharət Mustafayevin oğlu Sərxan Mustafayev Gəncədə “avtoş” kimi tanınır. O, şəhərdə davamlı olaraq avtoxuliqanlıqla məşğul olub, amma atasına görə əməlləri cəzasız qalıb. Maraqlısı isə odur ki, iddiaya görə, ad-soyadını yazanda belə səhv edən Sərxan Mustafayev bütün gününü əyləncələrdə keçirsə də, sənəd üzərində Gəncə Şəhər İcra Hakimiyyətinin Hüquq söbəsinin işçisi olub. Lakin onu heç zaman işdə görən olmayıb...
Sonda qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi prosesi davam edir. Belə ki, yeni başçı sentyabrın 3-də Hacızadə Tural Yaşar oğlunu icra başçısının köməkçisi vəzifəsindən azad edib.
Yazıda adları keçən şəxslərin mövqeyini çap etməyə hazırıq. “Yeni Musavat”