General Mədət Quliyev yubiley yaşını QEYD EDİR
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin doğum tarixidir.
Modern.az xəbər verir ki, general yubiley yaşını qeyd edir. Bu gün onun 60 yaşı tamam olur.
Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət edib.
Cinayət-axtarış və mütəşəkkil cinayətkarlıqla mübarizə strukturlarında xidmət aparıb.
1992-1994-cü illərdə Terrorizm və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 30 iyun 2005-ci il tarixli 866 nömrəli sərəncamı ilə Mədət Quliyevə polis general-mayoru rütbəsi verilib.
Azərbaycan Respublikasının Konstitusiyasının və dövlət quruluşunun qorunmasında, cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə müxtəlif dövlət mükafatlarına layiq görülüb.
Ölkə Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə Vətən, dövlət qarşısında müstəsna xidmətlərə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Prezidentin 14 fevral 2011-ci il tarixli 1317 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin edilib.
Azərbaycan Prezidentinin 20 noyabr 2012-ci il tarixli 2552 nömrəli sərəncamı ilə Mədət Quliyevə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
Azərbaycan Prezidentinin 20 noyabr 2014-cü il tarixli 881 nömrəli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezidentin 20 oktyabr 2015-ci il tarixli 1458 nömrəli sərəncamı ilə ədliyyə general-leytenantı Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.
21 oktyabr 2015-ci il tarixli 1462 nömrəli sərəncamla isə Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Azərbaycan Prezidentinin 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli sərəncamı ilə general-leytenant Mədət Qəzənfər oğlu Quliyev 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanla yaradılmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Ölkə Prezidentinin 26 mart 2018-ci il tarixli 3824 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycam Prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.
Ailəlidir. Üç övladı var.

"Legion"