Salyan OİL Mirvari Qəhrəmanlının təşkilatını məhkəməyə verib – Qalmaqal
Azərbaycanın Salyan rayonu ərazisində yerləşən Kürsəngi -Qarabağlı, neft yataqlarının istismarı ilə məşğul olan “Salyan Oil LTD” Şirkəti iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edib.
İddia ərizəsində şirkətə dəyən maddi və mənəvi ziyan üçün şirkətin keçmiş işçiləri Zəkayət Abdullayevadan və Mehparə Əliyevanın hər birindən 15000 (on beş min) manat, onları müdafiə edən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyindən (NHMT İB) isə 35000 (otuz beş min) manat vəsait tələb olunub.
Musavat.com-a bu haqda NHMT İB –dən məlumat verilib. Məlumatda bildirilir ki, Zəkayət Abdullayeva və Mehparə Əliyeva adı çəkilən şirkətdən işdən azad edilmələrini qanunsuz hesab edərək, hüquqlarının  bərpası üçün məhkəməyə müraciət ediblər. Xanımların hüquqlarını məhkəmədə NHMT İB-nin hüquqşünası müdafiə edir. Şirkət və Həmkarlar Təşkilatı sədri iddia ərizəsində bildirirlər ki, işçilərin şikayəti və onun müdafiəsini təşkil edən QHT-nin bu sahədəki fəaliyyəti nəticəsində şirkətə mənəvi və  maddi ziyan dəyib. Və bu ziyan işçilər və onu müdafiə edən təşkilat tərəfindən ödənilməlidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq NHMT İB hesab edir ki, “Salyan Oil LTD” Şirkəti hüquqlarının bərpası üçün məhkəməyə müraciət edən işçiləri təqib etməklə yanaşı , həm də öz nizamnaməsi əsasında fəaliyyət göstərən NHMT İB-yə də təzyiq etməyə çalışaraq, ölkənin aşağıda qeyd olunan qanunvericiliyini pozub:
1.İşçilərə qarşı:
1.1.Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 57.( Müraciət etmək hüququ.), maddə 61 (Hüquqi yardım almaq hüququ) , Maddə 71. (İnsan 
və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı)
1.2.Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Müraciət etmək hüququ
2.Hüquq-müdafiə təşkilatı olan və öz nizamnaməsi əsasında fəaliyyət göstərən NHMT İB-yə qarşı:
2.1.Qeyri-Hökumət Təşkilatları (İctimai Birliklər və Fondlar) haqqında Azərbaycan Respublikasının qanunu
Maddə 22. Qeyri-hökumət təşkilatının fəaliyyət növləri
2.2. İctimai birliklər haqqında Azərbaycan Respublikasının qanunu
Maddə 8. İctimai birliklərin hüquqları və vəzifələri
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və
qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan 
layihələr üzərində vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb (nhmt-az.org).
Təşkilatın missiyası
Azərbaycanın enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır.


NHMT İB başlanan məhkəmə prosesini təşkilatın bu sahədə olan aktiv fəaliyyəti ilə əlaqələndirib təşkilata qarşı olan təzyiqlərə son qoyulmasını tələb edirik.
Mövzu ilə bağlı “Salyan OİL LTD”-nin mövqeyini dərc etməyə hazırıq
Musavat.com

"Legion"