İlham Əliyev Qubada yeni müəssisələrin açılışında - YENİLƏNDİ
Quba şəhərində Gənclər Parkı salınıb. Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.
Publika.az xəbər verir ki, dövlətimizin başçısına parkda görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, parkın inşasına bu ilin fevralında başlanılıb. Ərazisi 0,66 hektar olan bu istirahət məkanı 4 hissədən ibarətdir. Burada yaşlı insanlar üçün hissə, idman zonası, gənclər və uşaqlar üçün guşələr yaradılıb. Bundan başqa, Gənclər Parkında 300 kvadratmetr sahəsi olan 2 mərtəbəli restoran da fəaliyyət göstərəcək. Parkda söhbətgahlar quraşdırılıb, uşaqların vaxtlarını səmərəli keçirmələri üçün attraksionlar qoyulub, geniş yaşıllıq zonaları salınıb, müxtəlif dekorativ ağac və gül kolları əkilib, işıqlandırma sistemi yaradılıb. Bir sözlə, bu parkda Quba sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait var.
Qeyd edək ki, ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda qalır. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu prosesdə çox mühüm rol oynayıb. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da bu tədbirlərin məntiqi davamı kimi çıxış edib. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd təbii ki, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri tikilir. Qubada salınan Gənclər Parkı da bu məqsədə xidmət edir.
***
Oktyabrın 11-də “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.
Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Quba-Xaçmaz iqtisadi rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verdi. Bildirildi ki, bu iqtisadi rayonda ümumi dəyəri 376 milyon manat olan 2624 layihənin maliyyələşdirilməsinə 201 milyon manat güzəştli kredit verilib. Bu çərçivədə yaradılan müəssisələr xarici ölkələrə məhsul ixracına başlayıb. Belə ki, Xaçmazdakı fındıq emalı zavodu ötən il 2 milyon dollar dəyərində fındıq, Logistika Mərkəzi və meyvə emalı zavodu 500 min dollar dəyərində quru meyvə, Qusarda Regional Logistika Mərkəzi isə 6,2 milyon dollarlıq meyvə ixrac edib. Keçən il 186,4 min hektar meyvə bağından, ümumilikdə, 955 min ton meyvə istehsal olunub. Məhsulun 29 faizi əsasən Rusiya, Ukrayna, İtaliya, İsveçrə və Almaniya olmaqla, xarici bazarlara ixrac edilib. Ötən il Quba-Xaçmaz iqtisadi rayonu üzrə 263,3 min ton meyvə yığılıb ki, bunun 125,2 min tonu Qubanın payına düşür.
Sonra dövlətimizin başçısı zavodu işə saldı.
İqtisadiyyat naziri Şahin Mustafayev və müəssisənin rəhbəri Emin Məmmədzadə zavodda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdilər.
Bildirildi ki, “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. Əhalidən tədarük edilmiş meyvələr, ilk növbədə, çeşidlənir, yuyulur, içlikdən təmizlənir, dilimlənir və xüsusi qaydada qablaşdırılaraq qurudulması üçün sobaya yerləşdirilir. Sobada hər bir meyvə növünün xüsusiyyətləri nəzərə alınaraq onlar üçün proqramlaşdırılmış xüsusi rejimdə qurutma prosesi həyata keçirilir. Müəssisədə tələbata uyğun olaraq əsasən alma, armud, gavalı, ərik, üzüm və alça quruları, həmçinin alma çipsi istehsal olunaraq müxtəlif çəkilərdə paketlənir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir.
Fındığın emalı xəttində isə məhsul ilkin olaraq qurudulur, qabıqdan təmizlənir, çeşidlənir və sonra sobada xüsusi rejimdə qovrulur. Qovrulmuş fındığın soyudulduqdan sonra müxtəlif çəkilərdə vakuum paketlənməsi həyata keçirilir. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı nəzərdə tutulur.
Hazır məhsullarla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, zavodun xammala olan tələbatı Quba və ətraf rayonlardan tədarük edilən məhsullar hesabına ödəniləcək. Bu isə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və regionda yeni meyvə bağlarının salınmasına stimul yaradacaq. Eyni zamanda, yetişdirilən meyvələr emal olunaraq xarici bazarlara çıxarılacaq ki, bu da regionun ixrac potensialının artırılmasına səbəb olacaq.
Müəssisənin xammala tələbatının davamlı olaraq ödənilməsinin təmin edilməsi məqsədilə növbəti mərhələdə tutumu 2 min ton olan soyuducu anbar kompleksinin qurulması, mövcud istehsal gücünün 2 dəfə artırılması, cem və mürəbbə istehsalının təşkili nəzərdə tutulur. Ümumi dəyəri 3,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılıb və bu layihəyə investisiya təşviqi sənədi verilib. İlkin mərhələ üzrə müəssisədə ildə təqribən 2,6 milyon manat dəyərində və ya 1,3 min ton məhsul istehsalı nəzərdə tutulur.
Regionlarda belə emal müəssisəsinin yaradılması dünyanın qabaqcıl texnologiya və təcrübələrinin tətbiqinə, kənd təsərrüfatında ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalına, yeni meyvə bağlarının salınmasına, eləcə də ixracın həcminin çoxalmasına və coğrafiyasının genişləndirilməsinə nail olunması ilə yanaşı, məşğulluğun artırılmasına da səbəb olacaq. Bu layihənin icrası nəticəsində 38 nəfər daimi işlə təmin edilib.
***
Oktyabrın 11-də Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış oldular.
Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, həmçinin “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirdilər ki, “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. İkimərtəbəli binada “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki “ABAD”çı ailə çalışacaq. Bununla da 30-dək vətəndaş “ABAD” publik hüquqi şəxsin əməkdaşı kimi işlə təmin ediləcək. Bundan əlavə, istehsal prosesində ABAD-çıları xammalla təchiz edəcək yeni ABAD-çıların prosesə qoşulması da nəzərdə tutulur ki, bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin məşğulluq və əlavə gəlir əldə etməsinə şərait yaradacaq.
“Paşa Holding”in dəstəyi ilə “ABAD” publik hüquqi şəxs tərəfindən həyata keçirilən “ABAD Gastro Village” layihəsi çərçivəsində isə “Quba ABAD Factory”nin önündə “Food truck park”ı yaradılıb. Qeyd edək ki, ölkədə turizm sahəsində müşahidə olunan inkişaf meyillərinin saxlanılması üçün daim yeni və cəlbedici ictimai iaşə xidmətlərinin təklif edilməsi zəruridir. Bu baxımdan təkərli qoşqular vasitəsilə icra edilmiş “ABAD Gastro Village” layihəsinin ölkəmizin müxtəlif bölgələrində, əsasən də şimal rayonlarında səyyar şəkildə fəaliyyət göstərmək imkanına malik olması və tərtibat baxımından cəlbedici görünməsi bu layihənin uğurlu olacağını deməyə əsas verir. “ABAD Gastro Village” kompleksinin səyyar yerdəyişmələr istisna olmaqla daimi dayanıb-durma nöqtəsi Quba “ABAD Factory”nin önündə təşkil edilmiş “Food truck park”ındadır. Burada dönər, bürger, şirniyyat və pizzaların hazırlanması və satışı nəzərdə tutulub.
“Quba ABAD Factory” və “ABAD Gastro Village” komplekslərində, ümumilikdə, 90-100 nəfər vətəndaşın məşğulluğu təmin ediləcək.
Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. “ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən, Quba rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində “ABAD”çı ailələrə mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlər verilib. İndiyə qədər dekorativ-tətbiqi sənətlə məşğul olan 100-dən çox və kənd təsərrüfatında çalışan onlarla ailəyə dəstək göstərilib. Satışları təşkil etmək məqsədilə “ABAD” paytaxt Bakının müxtəlif yerlərində, həmçinin Şamaxı rayonunun Dəmirçi kəndində mərkəzlər açıb.
***

Oktyabrın 11-də Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası açılıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Bağçada yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına ötən il başlanılıb. Bu ilin sentyabrında isə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Ümumi sahəsi 1439 kvadratmetr olan bina ikimərtəbəlidir. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb. Ətraf ərazidə geniş abadlıq işləri görülüb, binaların fasadları rənglənib.
Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərilir. Prezident İlham Əliyevin qayğısı sayəsində indi ölkəmizin hər yerində müasir uşaq bağçaları, uşaq evləri inşa olunur, zəruri avadanlıqla təchiz edilir.
Azərbaycanda yeni uşaq tərbiyə müəssisələrinin inşası sahəsində görülən işlərə dövlətimizlə yanaşı, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb.
Ölkəmizdə balacaların sağlam və bilikli yetişmələrinə hesablanmış yeni-yeni uşaq müəssisələrinin yaradılması bir daha sübut edir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə bu məsələyə xüsusi yer ayrılır. Beləliklə də, həyata keçirilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdilər.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına tibb müəssisəsində yaradılan şərait barədə məlumat verdi. Qeyd olundu ki, Quba Rayon Mərkəzi Xəstəxanası 1964-cü ildə istifadəyə verilib, lakin uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina istismara yararsız vəziyyətdə idi. 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.
Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız Quba sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir. Onu da deyək ki, 2004-2018 illərdə ölkə üzrə 17 şəhər və rayonda mərkəzi xəstəxanalar yenidən tikilib. Bu illər ərzində regionlarda yerləşən 28 xəstəxana binası əsaslı təmir olunub. Artıq Goranboy, Qazax, Qobustan və Şəmkir rayon mərkəzi xəstəxanalarının tikintisi də başa çatdırılıb, Abşeron Füzuli və Qəbələ rayon mərkəzi xəstəxana binalarının inşası isə davam edir.
Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşdü.
Həkim Kəmalə Heybətova dövlətimizin başçısına onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.
Sonda xatirə şəkli çəkdirildi.
***

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olublar.

Dövlətimizin başçısı və xanımı elmi-tədqiqat institutunun binasında yaradılan şəraitlə maraqlanıblar.
Kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. İnstitutda 59 nəfər işçi çalışır, onların arasında elmlər və fəlsəfə doktorları var. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamına əsasən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan yeni sahələrdə 35 iş yeri açılıb. Burada 73 hektar ərazidə Lənkəran çayçılıq filialı, 19 hektarda Abşeron təcrübə stansiyası, 50 hektarda Qəbələ, 97 hektarda isə Göyçay dayaq məntəqələri yerləşir. Bundan əlavə, Zaqatala dayaq məntəqəsi, Zərdabi elmi təcrübə stansiyası və Quba yardımçı təcrübə təsərrüfatı da institutun balansına daxildir.
Qeyd olundu ki, təcrübə bazaları əsasən ötən əsrin 50-ci illərində yaranıb. Onların istifadəsində olan ümumi torpaq sahəsi 662 hektardır, onun 557 hektarı isə əkinə yararlı ərazidir. Əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 50 hektar ərazisində 2017-2018-ci illərdə müasir və məhsuldar meyvə bağları salınıb. Almaniyanın Meyvə və Bitkilərin Seleksiyası Elmi-Tədqiqat İnstitutu, Belarusun Meyvəçilik Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı Akademiyası, İngiltərənin “Meosis” Elmi-Tədqiqat Şirkəti, İspaniyanın “Viveros-veron” Tingçilik və Tədqiqat Şirkəti ilə əlaqələr quran Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Çinin “Anxoy” Aqrar Universiteti və Fransanın meyvəçiliklə məşğul olan “Luare” Kənd Təsərrüfatı Palatası ilə də geniş əməkdaşlıq həyata keçirir.
Prezident İlham Əliyevə əsas hədəfi ixrac potensialının gücləndirilməsi, bağçılığın dayanıqlı inkişafı, keyfiyyətli məhsul istehsalı və innovativ fermerlərin formalaşmasına dəstək olan “Ağıllı bağ layihəsi” barədə məlumat verildi. Həmçinin ixtisaslı mexanizatorların vahid reyestri, fermerlər və mexanizatorları əlaqələndirəcək vahid kommunikasiya sisteminin yaradılması, mexanizatorların peşəkarlıq səviyyəsi və digər göstəricilərinin ölçülməsi və onların ölkə üzrə lokasiyasının öyrənilməsi məqsədini daşıyan “AqroUber” layihəsindən də danışıldı.
Dövlətimizin başçısına yeni yaradılan Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti barədə məlumat verilərkən bildirildi ki, indiyə qədər 300-dən çox fermerin müraciətinə baxılıb. Onlardan alınan 300 min kiloqramdan çox məhsul satışı çıxarılıb. Bu yaxınlarda Cocuq Mərcanlıda 15 fermerin məhsulunun satışı məqsədilə memorandum imzalanıb.
Azərbaycan Prezidentinə “Kənddən Şəhərə” layihəsi haqqında da məlumat verildi. Qeyd olundu ki, layihə çərçivəsində müasir tipli yarmarkaların təşkili, pərakəndə satış mərkəzlərinin qurulması, online sifariş üçün mobil tətbiqin yaradılması nəzərdə tutulur. Layihənin icrası fermerlərin satış bazarlarına birbaşa çıxış probleminin həllində kömək olacaq və şəhər əhalisi kənd məhsullarını innovativ yollarla, əlverişli qiymətlərlə əldə etmək imkanı qazanacaq. Layihənin tərkib hissəsi olaraq Aqrar Birja yaradılacaq və bu yolla kənd təsərrüfatı məhsullarının həm satıcıları, həm də alıcıları vahid platformada birləşəcək, kənd təsərrüfatı məhsullarının qiymət-məlumat bazası yaradılacaq.
***
Oktyabrın 11-də Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu istifadəyə verilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun açılışını edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, dördüncü texniki dərəcəyə uyğun tikilən iki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Bütün texniki standartlara uyğun salınan yol üzərində zəruri yerlərdə siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ümumi uzunluğu 528 metr olan su ötürücü borular tikilib, yol cizgi xətləri çəkilib. Avtomobil yolunun tikintisi 11 yaşayış məntəqəsini birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Beləliklə, yeni yol mənzil başına rahat və təhlükəsiz çatmağa hərtərəfli şərait yaradacaq. Bu layihənin icrası, ümumilikdə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini də təmin edəcək. Bir sözlə, yeni yolun inşası yolboyu yaşayan vətəndaşların sosial rifahına birbaşa təsir göstərəcək, kənd təsərrüfatı məhsullarının rahat və tez daşınmasına münbit şərait yaradacaq.
Bundan başqa, bu layihə digər mühüm bir məqamı da özündə birləşdirir. Belə ki, yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzləri və tarixi mədəniyyət abidələri ilə tanış olmasına da hərtərəfli şərait yaranacaq.
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu Prezident İlham Əliyevin bu ilin sentyabrında imzaladığı sərəncama əsasən tikilib.
Dövlətimizin başçısına Quba-Xaçmaz avtomobil yolunun yenidən qurulması barədə də məlumat verildi. Bildirildi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun yenidən qurulan yol 78,4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. 3-cü texniki dərəcəyə aid 2 zolaqlı yolun uzunluğu 22 kilometr, eni isə 7 metrdir.
Bundan əlavə, Prezident İlham Əliyevə Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin layihəsi barədə məlumat verildi. Uzunluğu 46 kilometr olan yol üzərində tikiləcək 9 körpünün layihəsi hazırlanıb. Bununla yanaşı, Quba-Susay-Xınalıq avtomobil yolu da yenidən qurulacaq.
Layihə ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, dördüncü texniki dərəcəyə uyğun inşa olunacaq yolun uzunluğu 55,7 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. İki hərəkət zolağından ibarət olan yolun tikilməsi bu bölgədə təxminən 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini, həmçinin Quba şəhərini Xınalıq kəndi ilə birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdıracaq.
Sonra dövlətimizin başçısı Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.

"Legion"