Cənubi Koreyada doğum sayının azalması davam edir
Asiyanın ən inkişaf etmiş ölkələrindən olan Cənubi Koreyada yeni doğulan uşaqların sayının azalması prosesi davam edir.
AZƏRTAC Cənubi Koreyanın statistika qurumunun məlumatına əsasən xəbər verir ki, cari ilin avqust ayında ölkədə 27 min 300 körpə doğulub. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 9,3 faiz azdır. Ötən ay ölümün səviyyəsi isə 4,8 faiz çoxalıb.
Yanvar-avqust aylarında Cənubi Koreyada yeni doğulanların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz az olub. Yeni doğulanların sayının hər ay azalması prosesi 2015-ci ilin dekabrından başlayıb. Ötən il ölkədə doğumun sayı ən aşağı səviyyədə olub. Belə ki, 2017-ci ildə Cənubi Koreyada əvvəlki illə müqayisədə 11,9 faiz az uşaq dünyaya gəlib. Ötən il ölkədə hər min nəfərə düşən yeni doğulanların sayı da minimum səviyyəyə (7 körpə) düşüb.
Mütəxəssislər hesab edirlər ki, yeni doğulanların sayının azalması əhalinin say tərkibində yaşlı insanların sayının çoxalması, əmək qabiliyyətli insanlarının sayının azalması ilə nəticələnəcək. Prosesin bu cür davam etməsi ölkənin iqtisadi inkişafına xələl gətirə bilər.
Qeyd edək ki, Asiyanın ən böyük dördüncü iqtisadiyyatı olan Cənubi Koreyanın hökuməti son 10 ildə aşağı doğum səviyyəsi problemi ilə əlaqədar 72 milyard ABŞ dolları vəsait sərf edib. Bu pul nəğd pul mükafatları da daxil olmaqla ailələrin daha çox uşaq dünyaya gətirmələrinə təşviq etmək üçün müxtəlif güzəşt və imtiyazlara sərf olunub.

"Legion"