Şərlənən keçmiş əsgər Mübariz Mənsimovdan imdad diləyir
Lənkəran şəhəri Şəhidlər xiyabanı, bina 173, mənzil 5-də qeydiyyatda olan Mənsimov Həsən Qafil oğlu Legion.az saytına müraciət edib.

Müraciətdə H.Mənsimov iddia edir ki, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovla həmyerli və həmsoyad olduğu üçün dəhşətli hadisə ilə üzləşib. H.Mənsimov 21.04.2016-cı il tarixdə hərbi xidmətə çağırılıb, 02.10.2017-ci ildə xidməti başa vuraraq yaşadığı doğma Lənkəran şəhərinə qayıdıb. Şəhərdə “Alov” mühafizə xidmətində işə düzəlib, ailə qurub və yeni həyata başlamaq ən böyük arzusu olub. Ancaq 05.07.2018-ci ildə Hərbi Prokurorluğun müstəntiqi Saleh Abdullayev tərəfindən təcili Bakı şəhərinə çağırılıb. S.Abdullayev prokurorluqda H.Mənsimovu şərləyərək üzünə əsgər yoldaşını durğuzub. Guya bir il əvvəl H.Mənsimov hərbi xidmətdə olan vaxt əsgər yoldaşından hədə-qorxu ilə 5 manat pul tələb edib. Dərhal H.Mənsimovun barəsində CM-nin 182-ci maddəsi ilə cinayət işi başlayıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə H.Mənsimov barədə 3 ay sanksiya verilərək həbs qətimkan tədbiri seçilib. Hazırda H.Mənsimov Bakı İstintaq Təcridxanasının dustağıdır. S.Abdullayev H.Mənsimovu həbsdən azad etmək üçün ondan pul tələb edib. H.Mənsimov S.Abdullayevə izah edəndə ki, o imkansız ailədə böyüyüb və ailəsinin pul verməyə imkanı yoxdur, müstəntiq ona bildirib ki, “Sən Mübariz Mənsimovun qohumusan, denən o sənə kömək eləsin.”

“Mən S.Abdullayevi inandıra bilmədim ki, mənim Mübariz Mənsimovla heç bir qohumluq əlaqəm yoxdur. Ancaq S.Abdullayev yenə də məni anlamayaraq, məni şərləyib üzümə əsgər yoldaşımı durğuzaraq öz işini davam etdi”,- Mübariz Mənsimov bildirir. Buna görə də H.Mənsimov mətbuat vasitəsi ilə Mübariz Mənsimova müraciət edərək onu S.Abdullayevin şərindən xilas etməyi xahiş edir. H. Mənsimov ümid edir ki, Mübariz Mənsimov mətbuat vasitəsi ilə onun müraciətini oxuyub öz peşəkar vəkilləri ilə onu təmin edər və o da bəraət alıb azadlığa buraxılacaq.

Biz məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Hərbi Prokrorluğun mətbuat xidməti ilə əlaqə saxladıq.

"Həmin şəxsin barəsində əsaslı şübhələr olduğundan cinayət məsuliyyətinə cəlb olunub, işdə artıq gedib məhkəməyə, məhkəmədə olan məsələ ilə bağlı biz başqa məlumat verə bilmərik deyə Hərbi Prokrorluğun mətbuat xidmətinin rəhbəri Sirac Əliyev bildirdi.

****

Daxil olan son məlumata görə Mənsimov Həsən Qafil oğlu aclıq aksiyasına başlayıb.

Məsələni diqqətdə saxlayacağıq.

Maqana Biləcərili.

Legion.az saytı