Plastik əməliyyatlar – ziyanı faydasından daha çoxdur
“Kompleksdən xilas olmaq istəyərkən uğursuz əməliyyat keçirənlərin sonra yaşadığı fəsadlar daha böyük problemlərə yol açır”
Estetik əməliyyat etdirənlərin sayı gün keçdikcə artır. Əvvəllər qadınlar daha çox əməliyyatlara üz tutsa da, son illər kişilər də onlardan geri qalmır. Kimi sağlamlığına qovuşmaq, kimi isə gözəl görünmək, komplekslərdən xilas olmaq üçün bu yola əl atır.
Bəs insanları estetik əməliyyata sövq edən əsas səbəblər nələrdir?
Komplekslərdən xilas olmaq üçün tək çarə əməliyyatlardır? “Yeni Müsavat” mövzu ilə bağlı psixoloq Vəfa Rəşidovanın fikirlərini öyrənib. O bildirib ki, əməliyyatlar bir çox xəstəliklərə səbəb olur: “Plastik və estetik əməliyyatların son zamanlar artmasının səbəbi təqlid, kütləvi baxış formasıdır, 10 nəfərin bir nöqtəyə baxış bucağının nəticəsidir. İnsanlar düşünür ki, xalam qızı, dayım qızı, rəfiqəm edibsə, mən də etməliyəm. Toplum psixologiyası burada böyük rol oynayır. Eyni zamanda sosial şəbəkələrə baxırıq, orada paylaşılan fotolar da insanları əməliyyatlara sövq edir. Gözəl xanımın fotosu paylaşılır, uğurlu burun əməliyyatı keçirmiş bu xanıma baxanlar onun kimi olmaq istəyir. Bundan başqa əməliyyat olunan biri digərinə elə tərifləyir ki, qarşıdakı həvəslənir. Baxımlı olmaq, incə görünmək, model kimi arıqlamaq kimi fikirlər insanlara o qədər aşılanıb ki, xüsusilə xanımlar əməliyyatlara meyl edir. Bəzən isə kompleksdən irəli gələrək insanlar əməliyyatlara üz tutur. Onları ətrafdakı insanlar kompleksə salır. Bir dəfə bir qadın yeniyetmə qızını yanıma gətirmişdi ki, onu burnunu əməliyyat etdirməyə razı salım”.
Həkimin sözlərinə görə, insanlar anlamır ki, əməliyyatdan sonrakı proses daha önəmlidir: “Bəziləri əməliyyatdan sonra özünü yaxşı hiss edir, əməliyyatı uğurlu keçir. Bəzən isə uğursuz əməliyyatlar olur və ya genetikaya əsasən bədənə bıçaq dəydikdən sonra bədən deformasiyaya uğrayır. Kompleksdən xilas olmaq istəyərkən uğursuz əməliyyat keçirənlərin daha sonra yaşadığı fəsadlar daha böyük problemlərə yol açır. O insanların yaşadığı psixoloji durum onları ya yeni əməliyyata vadar edir, ya da uzun müddət psixoloji dəstək almalı olurlar. Əməliyyatdan sonra insanlarda narsissizm əmələ gəlir, onlar özlərini aşırı dərəcədə sevməyə başlayır, heç kimi bəyənmirlər. Narsissizm insanları yeni əməliyyatlara sövq edir, onlar daha çox gözəlləşmək və dəyişmək istəyir. Narsissizm özü də bir xəstəlikdir. Xudbinlikdən irəli gələn özünə vurğunluq, insanın özünə aşiq olması, öz-özünə səcdə etməsi mənasına gələn ruhi sarsıntı, xəstəlik anlayışıdır. Qədim Yunan əsatirinə görə, Narkiss adlı bir gənc suda öz əksini görür və öz-özünə vurulur. Öz əksinə elə heyran olur ki, yerindən tərpənə bilmir və əriyib, çökür. Narsisizmin bir neçə növü mövcuddur. Ən çox təsadüf olunan növ – Roma sezarları, Misir fironları və diktatorlar kimi şəxslərdə təsadüf edilən növüdür. Bu insanlar öz gözlərində adətən nəfəs alıb yeriyən yer üzü tanrıları kimidirlər. Hətta həyat və ölüm kimi mühüm təbii hadisələrə belə bir cümlə ilə qərar verə bilirdilər. Ən böyük qorxuları güclərini qeyb etmələri, ölüm, ətraflarındakı hər kəsin onlara düşmən olması idi. Güc və şəhvətlərinin bir həddi yox imiş kimi davranmağa çalışırlar, saysız insanı öldürüb, saysız saraylar tikərdilər. Xarici dünya ”mən” olmadığı üçün, narsist insan xarici dünyanı anlaya bilməz və bu vəziyyət onda qorxu yaradır. Diktator get-gedə daha zalım, daha tənha və qorxaq olur. Bir sözlə, əməliyyatlar həmişə xoşbəxtlik və rahatlıq gətirmir”.(musavat.com)

"Legion"