Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperi və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edib.
AZƏRTAC xəbər verir ki, Abraham Kuper hələ sovetlər dövründə Azərbaycanda olarkən xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən dini icmaların azad fəaliyyəti üçün şəraitin yaradıldığının şahidi olduğunu dedi. Ravvin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün dini icmaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dinc və sərbəst fəaliyyəti üçün yüksək şəraitin yaradıldığını məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələrinin tarixən dinc yanaşı yaşadığını qeyd edərək, bu ənənələrin çoxəsrlik tarixə malik olduğunu bildirdi və müstəqillik dövründə bu meyilin uğurla davam etdirildiyini, multikulturalizmin dövlət siyasətinin prioritetlərindən biri olduğunu, milli və dini tolerantlığın yüksək dərəcədə təmin edildiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, bütün bunlar dövlətin həyata keçirdiyi siyasəti və xalqın iradəsini əks etdirir. Müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə bir ailə kimi dostluq şəraitində yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev onların Azərbaycanın ümumi inkişafına töhfə verdiklərini dedi. Dövlətimizin başçısı ravvin Abraham Kuperin və yevangelist icmasının nümayəndəsi Conni Murun ölkəmizə səfərinin əməkdaşlığın və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.

"Legion"