Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə növbəti müsahibə elan edilib
Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla, ümumilikdə 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (64 vəzifə) növünə aid olan 66 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, müsahibədə iştirak üçün qeydiyyat dekabrın 27-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.
Namizədlər əldə etdikləri sertifikata uyğun olan vakant vəzifələrin müsahibəsində iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər dekabrın 27-si saat 18.00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdikləri məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər aparmalıdırlar.
Namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır. Təsdiqləndikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra o, müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyənləşdirilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkarlandığı halda, onun müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab olunur. Nəticələrin etibarsız hesab olunması barədə qərar Mərkəz tərəfindən qəbul edilir. Namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq mümkündür.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilərlər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:
struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (14 vəzifə) tərəfindən təqdim olunub.
Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:
Energetika Nazirliyi (7 vəzifə) – BA3 altqrupu üzrə 4, BA4 altqrupu üzrə 3;
Müdafiə Sənayesi Nazirliyi (4 vəzifə) –AB2 altqrupu üzrə 1, AB3 altqrupu üzrə 1,BA3 altqrupu üzrə 2;
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (13 vəzifə) –BA4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 11;
Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi (8 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 7 vəzifə;
Maliyyə Nazirliyində BB2 altqrupu üzrə 1 vəzifə;
Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə;
Gəncə Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 1 vəzifə;
Bakı Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 10 vəzifə;
Binəqədi Rayon Məhkəməsində BB4 altqrupu üzrə 14 vəzifə;
Yasamal Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;
Göyçay Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə.
Ümumilikdə müsahibəyə çıxarılmış 66 vakant vəzifənin 1-i 4-cü təsnifata, 13- ü 5-ci təsnifata, 11-i 6-cı təsnifata, 41-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 12-si BA, 52-si isə BB vəzifə qrupuna aiddir.

"Legion"