Xəstə əməliyyatdan sonra komaya düşdü: Həkimi isə deyir ki…
Uroloji əməliyyat keçirən Akif Paşayevin vəziyyətinin pisləşməsinə səbəb keçirdiyi əməliyyat olmayıb. O, uroloji əməliyyat keçirib, iflic isə beyində olur.
Bu sözləri Axar.az-a Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında əməliyyatdan sonra iflic olaraq komaya düşdüyü deyilən xəstə A.Paşayevi məliyyat edən həkim-cərrah İsmət İlqarov bildirib.
Həkimin sözlərinə görə, xəstə əməliyyatdan sonra özünü yaxşı hiss edib. Əməliyyat dünən həyata keçirilib, xəstənin vəziyyəti isə bu gün səhər saatlarında pisləşib:
“Reanimatoloq, anestezoloq, nevropatoloq - hamısı xəstəyə baxıb. Pasientdə uroloji əməliyyat keçirilib. İflicin onunla heç bir əlaqəsi yoxdur. Bu, çox nadir hallarda baş verən hadisədir. Pasient əməliyyata görə iflic olaraq komaya düşməyib. Bu barədə ailəyə də bildirmişik.
Əməliyyatdan sonra Akif Paşayevlə mən söhbət də eləmişəm. Özünü yaxşı hiss etdiyini deyib. Bu gün səhər anidən pisləşib. Hazırda xəstənin vəziyyəti ortadır. Danışa bilir, əlini hərəkət etdirir. Komada deyil, ancaq reanimasiya şöbəsindədir”.
İ.İlqarovun sözlərinə görə, hazırda xəstənin Uroloji Xəstəxanada yatması düzgün deyil. Vəziyyəti ilə əlaqədar başqa xəstəxanaya köçürülməlidir, ancaq ailə buna icazə vermir:
“Biz ailəyə də bildirdik ki, bura Uroloji Xəstəxanadır. Pasientin durumu isə nevrolojidir. Vəziyyəti ilə əlaqədar başqa xəstəxanaya köçürülməlidir. Ancaq Akif Paşayevin həyat yoldaşı buna icazə vermir. İzah edə bilmirik ki, bu onun üçün daha da təhlükəlidir. Uroloji Xəstəxanada saxlamaqla vaxt itirirlər. Ailə deyir ki, nə lazımdırsa, burada olunsun. Pasientin durumu ağırlaşsa, onu vəziyyətdən çıxarmaq çətin ola bilər”.
Həkim bildirib ki. bu gün xəstə şöbəyə köçürülməli idi, ancaq vəziyyəti anidən pisləşib:
“Akif Paşayev nədən əməliyyat keçiribsə, onunla bağlı problem yoxdur. Hər hansısa ağrı, qanaxma olmayıb. İflic beyinlə əlaqədar olan bir şeydir. Bunu şəxsin keçirdiyi əməliyyata bağlamaq düzgün deyil”.
Qeüyd edək ki, Unikal.org-un məlumatına görə, 1962-ci il təvəllüdlü Akif Paşayev Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında prostat əməliyyatı keçirib. Xəstə əməliyyatdan sonra iflic olub və komaya düşüb.

"Legion"