Çeynəmə qabiliyyətini itirən xəstə uğurla əməliyyat olunub
Əhali arasında tez-tez rast gəlinən problemlərdən biri də üz-çənə anomaliyalarıdır. Bu cür problemi olan xəstəyə Azərbaycan Tibb Universitetində (ATU) yüksəkixtisaslı yardım göstərilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Fərzəliyev xəstə barəsində məlumat verib.
Həkim qeyd edib ki, xəstənin alt və üst dişləri üst-üstə düz gəlmədiyinə görə onda çeynəmə pozuntuları müşahidə edilib. Eyni zamanda, xəstənin üz quruluşunda da əyrilik var idi: “Xəstə bizə müraciət edərkən qida qəbulunda çətinlik çəkirdi. Həmçinin onun üzündə estetik baxımdan da pozğunluqlar nəzərə çarpırdı. Çənə gözlə görüləcək dərəcədə öndə idi. Müvafiq müayinələrdən sonra tərəfimizdən kompüter modelləşmə ilə xəstəyə əməliyyat planı hazırlandı”.
İ.Fərzəliyevin sözlərinə görə, xəstənin üz skeleti sümükləri üzərində icra olunan, iki saat davam edən əməliyyat uğurla başa çatıb. Nəticədə üzün quruluşu və dişlər normal vəziyyətə gətirilib, çeynəmə qabiliyyəti tam bərpa olunub.

"Legion"