Kataloniyada sosial etirazlar davam edir
Kataloniyada ilkin tibbi-sanitariya yardımı və səhiyyə xidmətləri həkimlərinin sosial etirazları davam edir.
AZƏRTAC xəbər verir ki, tibb işçiləri 2011-ci ildə Artur Mas hökuməti tərəfindən tətbiq edilən əməkhaqqıların azaldılması qərarının ləğv edilməsini tələb edirlər. Noyabrın 26-da başlanmış tətilə müəllimlər, rəsmi şəxslər, tələbələr və yanğınsöndürənlər qoşulublar. Etirazçılar 2019-cu ilin büdcəsinə dair danışıqlar ərəfəsində hökumətə təzyiq göstərməyə çalışırlar.
Kataloniya 2013 və 2014-cü illərdə İspaniyada əlavə əməkhaqqının bərpa olunmadığı yeganə bölgədir.
Onlarca polisin cəlb olunduğu kordon parlament binasına yaxınlaşan nümayişçilərin qabağını kəsib. Tibbi yardımın keyfiyyətini yaxşılaşdırmaq üçün əlavə resurslar tələb edən həkimlər səhiyyə naziri Laura Pelayın istefasını tələb edirlər.
2011-ci ildə Artur Mas hökuməti dövründə tətbiq edilən sərt iqtisadi siyasət ilkin tibbi-sanitariya yardımı mərkəzlərində və bölmələrində hələ də hiss olunur. Sosial Xidmət Direktorları və Menecerləri Assosiasiyasının hesablamalarına görə, Kataloniya Jeneralitatı sosial xərcləri 26 faiz ixtisar edib ki, bu da 5 milyon avrodan çoxdur. Həkimlər bildirirlər ki, 2011-ci ildən onların alıcılıq qabiliyyəti 30 faiz azalıb.

"Legion"