Yol polisləri hamilə qadını xilas etdilər - Körpəyə onun adı veriləcək

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə,  dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində qəza hadisəsi baş verib. 

Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən yolda qəzaya düşüblər. Dərhal   hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının  avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər. Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdiriblər. Özləri də  YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar.   

Həkimlərin də müdaxiləsi ilə  ona köməklik göstərilib və oğlan uşağı dünyaya gəlib. Qadının yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər 2  polis əməkdaşının şərəfinə elə Samir adı qoyulacağını  deyiblər.

Hazırda ana və övladının vəziyyəti yaxşıdır.

"Legion"