Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan ətraflı danışıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsinin ənənəyə çevrildiyini bildirib. “Əlbəttə ki, biz Avropa, İslam Həmrəyliyi oyunlarını xatırlaya bilərik. Bu il ölkəmizdə dünya, Avropa çempionatları keçirilmişdir. Formula 1 yarışı üç ildir Azərbaycanda, Bakıda keçirilir. Bu il və keçən il ümumi rəyə və bu məsələ ilə məşğul olan ictimai qurumların fikrinə görə, bizim yarışımız – Bakı yarışı ən gözəl yarış olmuşdur. Bu da çox gözəl hadisədir. Çünki bu da göstərir ki, bizim qəbul edilmiş hər bir qərarımız düzgün qərardır, gözəl nəticə verir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Həm Beynəlxalq Olimpiya Komitəsi, həm də Avropa Olimpiya Komitəsi bizim fəaliyyətimizə çox yüksək qiymət verir.

"Legion"