Siciliyada “Etna” vulkanı yenidən oyanıb
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssisləri “Etna” vulkanında aktivliyin artmasını müşahidə ediblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dekabrın 24-də seysmoloqlar Siciliya adasının şərq sahilində, Kataniya şəhəri yaxınlığında yerləşən məşhur vulkanda 150-dən çox yeraltı təkan qeydə alıblar. Onlardan ən güclüsü yerli vaxtla saat 20:26-da 4 bal maqnitudasında baş verib. Zəlzələnin episentri Raqalna kommunasından 7 kilometr məsafədə yer səthindən iki kilometr dərinlikdə yerləşib.
Vulkanın cənub-şərq yamacında yeni çat yaranıb və oradan qara kül buludu püskürüb. Bu səbəbdən Beynəlxalq “Fontanarossa” aeroportunun fəaliyyəti bir neçə saatlıq dayanıb, Messina-Kataniya-Sirakuza marşrutu üzrə hərəkət edən qatarların hərəkəti durdurulub.
Vulkan külü Kataniyanın bir çox şəhər və kəndlərini bürüyüb. Ekspertlərin fikrincə, püskürmə insanlar və obyektlər üçün təhlükə törətmir.

"Legion"