Bizdə ayı kababı dəbdədir, Vyetnamda isə meymun yeyənləri həbs etdilər...
Yadınıza gələr, 2010-cu ildə Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini məhkəməyə vermişdi. Çünki hər iki qəzet nazir oğlunun restoranda ayı kəsdirdiyi və ayı kababı yediyi barədə məlumat yaymışdı. O vaxtdan xeyli keçib. Anar Məmmdədov gözə görünmür. Ziya Məmmədov da yoxa çıxıb. Ancaq ayı kababı söhbəti yaddaşlarda ilişib qalıb...
Oxşar hadisə uzaq Vyetnamda baş verib və bu barədə BBC xəbər yayıb. Qeyd olunur ki, Vyetnamda 6 nəfər meymun kababı yeyib. Onlar yeyib-içmək məclisini canlı olaraq Facebook üzərindən yayımlayıb. Bundan xəbər tutan polis hərəkətə keçib.
Meymun kababı qonaqlığı verilən məclisdə iştirak edən 6 nəfər həbs olunub. Məclisin təşkilatçısı bildirib ki, o, meymunu özü ovlamayıb. Ovlanmış meymunu ovçudan 1.1 milyon donqaya (48 dollar) alıb.
Polis bəyan edib ki, yaşı 35-59 arası olan meymun kababı yeyənlər yerli təbiətin və heyvanların qorunması ilə bağlı qanunu pozublar. Qanunu pozanlar isə zindanda yatmalıdır.
Xəbərin hazırlanmasında istifadə olunan qaynaq: https://www.bbc.com/news/world-asia-46700405  musavat