Eyzenmenger sindromu
Eyzenmenger sindromu anadangəlmə ürək qüsuru olanların bir qismində rast gəlinən və həyatının sonrakı illərində baş verən ağırlaşmadır. Bu sindrom ürəyin sol və sağ boşluqları, eləcə də ürəkdən çıxan magistral arteriyalar arasında əlaqə olan xəstələrin vaxtında əməliyyat olunmaması nəticəsində yaranır. Geniş qulaqcıqarası çəpər defektləri, mədəcikarası çəpər defektləri və ya ventrikulyar septal defekt (VSD), atrioventrikulyar qapaq (A-V Kanal), aorta-pulmonar window, persistent trunkus arteriozus, VSD-li transpozisiyalar, bəzi geniş VSD-li tək mədəcik xəstələrində bu sindroma rast gəlmək mümkündür. Sindrom bu xəstəliklərdən əziyyət çəkənlərin hamısında eyni vaxtda inkişaf etmir. Belə ki, pulmonar hipertenziya bu xəstələrin çoxunda 3-6 aydan sonra inkişaf etməyə başlayır. Çox vaxt həyatın 2-3-cü onilliyində ağciyər təzyiqi sistemik təzyiqi üstələyir və şunt tərs dönərək sağdan-sola olur. Bu mərhələdən sonrasına Eyzenmenger sindromu deyilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsənov məlumat verib.
Cərrah xəstəliyin əlamətləri haqqında məlumat verərək deyib: “Xəstələrdə ağır ağciyər-ürək çatışmazlığı və buna bağlı təngnəfəslik müşahidə edilir. Bundan başqa, çirkli qan təmiz qana qarışaraq sistemik orqanlara getdiyi üçün göyərmə, yəni sianoz müşahidə edilir. Bu xəstələrin əl barmaqları təbil çubuğu, dırnaqları isə saat şüşəsi şəklində olur. Bəzilərində diferensial sianoz inkişaf edir, yəni yalnız aşağı ətraflar göyərir. Sianoz dərinləşdikcə eritrositlərin miqdarı, qanın viskozitəsi artır, beyində tromboz, insultlar, abseslər formalaşa bilir. Eyzenmenger sindromu yarada bilən ürək qüsurları həyatın ilk aylarında uşaqlarda qidalanma çətinliyi, təngnəfəslik, soyuq tərləmə, fiziki inkişafda həmyaşıdlarından geri qalması, ürəkdə çarpıntı, döyünmə şikayətləri ilə qarşımıza çıxır. Ürək ağrısı və sianoza isə ilk mərhələlərdə rast gəlinmir. Təbii ki, burada bəzi qüsurlar istisnadır”.
Mütəxəssis bildirib ki, sindroma inkişaf etməkdə olan ölkələrdə daha çox qeydə alınır. O, həmçinin deyib: “Eyzenmenger sindromu ürək qüsurlarının ən ciddi ağırlaşmasıdır. Xəstəliyin müalicəsində daha çox yeni nəsil dərman preparatları istifadə edirik. Adətən sindromdan əziyyət çəkənlər həyatın 2-3-cü onilliyində aşkarlanırlar. Bu xəstələrin hamısında transplantasiya icra olunmazsa, bir neçə il ərzində ölüm qaçınılmazdır. Medikal müalicə xəstəliyi aradan götürmür, xəstənin şikayətlərini nisbətən azaldır. Lakin qulaqcıqarası çəpər defektində bu sindrom daha gec yaşlarda başladığı üçün 70 yaşadək yaşayanlar da var. Hər bir uşaq ürək qüsurunun ideal əməliyyat zamanı mövcuddur. Qüsurların əksəriyyəti körpənin altı ayına qədər mütləq əməliyyatla aradan qaldırılmalıdır. Bəzən isə iki yaşadək edilən əməliyyatlar müsbət nəticə verir. Həmin xəstələr 10-15 yaşlarında artıq əməliyyat şanslarını itirirlər. Sindroma keçəndə isə ürək-ağciyər çatışmazlığı artıq başlamış olur. Cərrahi müalicəsi yalnız transplantasiyadır. Bu zaman iki cür transplantasiya mövcuddur. Birincisi yalnız ağciyər transplantasiyası icra edib ürəkdəki defekti bağlamaqdır. Digəri isə ikisini birlikdə, ürək və ağciyər transplantasiyasını həyata keçirməkdir. Ölkəmizdə bu istiqamətdə müalicə hələ mövcud deyil. Dünyada isə cərrahi müalicə ilə yanaşı, medikal müalicə üzərində də araşdırmalar ciddi şəkildə davam etdirilir. Çünki transplantasiya donor çətinliyi baxımından çox az halda tətbiq oluna bilir”.

"Legion"