Bakıda parkinqlərdə qiymətlər 2 dəfə artırılıb? - AÇIQLAMA/ YENİLƏNİB
Bakı şəhərində parkinqlərdə qiymətlərin artırılmasına dair məlumat yayılıb.

BakuPost xəbər verir ki, sürücülər sosial şəbəkələrdə Qış Parkının və Azadlıq Meydanının altında yerləşən parkinqlərdə qiymətlərin 2 dəfə artırıldığını yazıblar. Bildiriblər ki, Qış Parkında yerləşən parkinqdə 9:00-21:00 radələrində maşın saxmalaq üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır. 

Bu barədə sürücülər parkinqlərə nəzarət edən qurum olan Bakı Nəqliyyat Agentliyinin feysbuk səhifəsinə də yazıblar. BNA-dan Qış Parkının altındakı parkinqlə bağlı məsələnin doğru olduğu, ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib. Ətraflı məlumat üçün əlaqə nömrəsi də qoyulub.


BakuPost-un əməkdaşı məsələni dəqiqləşdirmək üçün həmin telefon nömrəsi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, qiymətlərdə hər hansı dəyişiklik edilməyib. Lakin o da əlavə edilib ki, parkinqlərdəki qiymətlərdə yaxın müddətdə dəyişiklik ediləcək: "Sözügedən parkinqlərdə tariflər nədirsə, odur. Lakin Agentlik tariflərdə dəyişiklik edilməsi üçün Tarif Şurasına müraciət edəcək”.

BakuPost-un əməkdaşı parkinqlərlə də əlaqə saxlayıb. Qış Parkının altındakı parkinqdən bildirilib ki, hazırda bir avtomobil üçün tarif 1 saatlıq 1 manat, 3 saatlıq 2 manatdır. 

Azadlıq Meydanının altında yerləşən parkinqdə isə qiymətlər 40 manat yox, 60 manatdır.

Qeyd edək ki, adıçəkilən parkinqlər və bir neçəsi Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilib. 

"Legion"