Azərbaycanlı biznesmenə silahlı hücum – 100 nəfər əlbəyaxa oldu
Moskvanın cənub-şərqində yerləşən kafedə atışma ilə müşayiət olunan kütləvi dava zamanı azı 10 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə ilə əlaqədar olaraq 20 nəfər saxlanılıb.
İnsident fevralın 14-ü saat 23:00 radələrində, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesində baş verib.
Hadisə zamanı restoranda Valentin günü münasibəti ilə xeyli sayda müştəri olub. Kənardan müəssisəyə gələn təqribən 70-100 nəfər çeçen mənşəli şəxs kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra, əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar.

Atışma və kütləvi davadan sonra onlar hadisə yerindən avtomobillərlə qaçıblar. Canilər gedərkən müşahidə kameralarındakı qeydləri də özləri ilə aparıblar.
“Kafedəki silahlı insidentdən sonra, rayon içində də atışma oldu. Azərbaycanlılar onları maşınlarla təqib edərək atəş açırdılar”, – deyən hadisə şahidi Nəsimi Məmmədəliyev “Neolit” kafesinin dağıdıldığını və azərbaycanlıların əmlaklarına ciddi ziyan dəydiyini bildirib.
Daha sonra Moskvada yol kənarından hadisəni törədən şəxslərin minərək oradan uzaqlaşdığı iki avtomobil aşkar edilib. Avtomobillərdən biri taksi olub. Maşınlar təxliyyə edilib.
Başqa bir hadisə iştirakçısı insidentin çoxdankı münaqişənin davamı olduğunu deyib:
“Bu çoxdankı söhbətdir, münaqişənin davamıdır. Hücum edənlərin məqsədi restoranın sahibi Yaşar Əliyev olub. Heç kim nə baş verəcəyini bilmirdi”.

"Legion"