Sosial müavinətlər və təqaüdlər də artırılacaq - Nazir anons verdi
“Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq sosial müavinətlər və təqaüdlərə də baxılır. Onların məbləğinin və sayının optimallaşdırılması, daha da təkmilləşdirilməsi üzərində iş aparılır”.
Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi iştirakçıları və əlillərlə görüşü zamanı bildirib.
Nazir qeyd edib ki, hazırda 40 ana növü olaraq sosial müavinət və təqaüdlər var:
“Onların alt növlərində rəqəm 80-ni keçir. Burada da optimallaşdırılma aparılması ilə bağlı ölkə başçısı tərəfindən qarşımızda  tapşırıqlar qoyulub. Son bir neçə ay ərazində aparılan işləri, yeni təklifləri, addımları maliyyə vəsaiti baxımından təhlil etsək, 135 milyon manat 11 min manatlıq birdəfəlik ödənişlər üçün, 335 milyon manat minimum əməkhaqqı, 41 milyon manat minimum pensiya, 75 milyon manat mənzil təminatı üçün xərclənib, ümumilikdə 600-700 milyon manat vəsait ayrılıb. Bütün bu qərarlar isə ölkənin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib”.
S.Babayevin sözlərinə görə, bu gün sosial müavinət alan şəxslərin sayı 500 mindir:
“Onların əhəmiyyətli kəsimi müharibə veteranları, əlilliyi olan şəxslərdir, milli qəhrəmanlar, şəhid ailələridir”.

"Legion"