Məktəb direktorunu maaşın azlığına görə qaz açarı ilə döydülər – Foto
Rusiyanın paytaxtı Moskvada məktəb direktoruna xəsarət yetiriblər. Lyubov Yeqorovanı müəllimlərdən birinin məvacibini aşağı saldığına görə döyüblər.
Bizimyol.info xəbər verir ki, hadisə Moskvanın 2109 saylı məktəbində baş verib. Direktora xəsarəti burada işləyən Albina Vlasovanın qardaşı yetirib. Vlasova qalmaqalın səbəbini açıq deyir. Direktor ona bir sənədə qol çəkməli olduğunu bildirib. Müəllim sənədi diqqətlə oxuyanda maaşının 7 min rubl (100 dollardan artıq) azaldılacağını görüb. Direktorla mübahisə edib, amma məvacib dəyişikliyinin qarşısını ala bilməyib. Məsələyə qardaşı qarışıb. O, bir neçə saat sonra məktəbə gələrək, Yeqorovanı qaz açarı ilə döyüb. Direktoru təcili xəstəxanaya aparmaq lazım gəlib. Vlasovanın qardaşını isə polis həbs edib.
Lyubov Yeqorova
Albina Vlasova onun etirazının anlayışla qarşılanmasını istəyir. 7 min rubl müəllim üçün böyük puldur. Çünki qadın həyat yoldaşı ilə ayrılıb, yeganə övladını çətinliklə saxlayır. Üstəlik, heç bir yerdə iş tapa bilməyən qardaşı da onlarla birlikdə yaşayır. Görünür, ciddi maddi sıxıntı yaşayan qardaşı büdcələrinin nə qədər böyük zərbə aldığını düşündüyündən, əsəblərini cilovlaya bilməyib.

"Legion"