Qubada evində ayı saxlayan şəxs kimdir? - ŞOK TƏFƏRRÜAT (VİDEO-FOTO)
Xəbər verdiyimiz kimi, Quba rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təssərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub. 
Unikal.org
-un araşdırmasına görə, Abbas Zeynalov həkim və xoşməramlı səfirdir. Anası Bela Zeynalova isə müəllimdir. Zeynalovlar Qubada yaşayır. Abbas Zeynalovun bacısı Həsənova Afət Əbil qızı Suraxanı rayon icra hakimiyyətinin başçısının müavinidir. Abbas Zeynalov Qubanın imkanlı şəxslərindən biridir. Onun rayonda balıq vətəgələri və meyvə bağları var. O, həmçinin sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası oğludur. 
A.Zeynalovun adı mətbuata heç də yad deyil. Belə ki, onun  oğlunun davranışları və bahalı obyektləri daim ictimaiyyətin müzakirəsinə səbəb olub.
Xatırladaq ki, A.Zeynalovun oğlu Əbil Zeynalov 2013-cü ilin iyunun 9-da paytaxtın Azadlıq meydanında idarə etdiyi 190 min manatlıq “Mercedes Gelandwagen” markalı avtomobillə 13 yaşlı paytaxt sakini Tahirə İsmayılovanı vuraraq öldürmüşdü. 
Hadisə zamanı tutulan 19 yaşlı sürücünün daha sonra sərbəst buraxılması vəziyyəti daha da qəlizləşdirib və sosial şəbəkələrdə ciddi etirazlara səbəb olmuşdu.
Bundan başqa A.Zeynalov digər bir  məsələylə də gündəmə  gəlmişdi.  
Məlumata görə, A.Zeynalov Quba rayonunda Meşə İdarəsinin ərazisində “Orman” adlı istirahət mərkəzi qurub. Ancaq fəaliyyət göstərdiyi dövr ərzində heç bir vergi və icarə haqqı ödəməyib. Ekologiya Nazirliyinin əməkdaşları ondan qanuni müqavilə bağlamasını tələb etdikdə isə nazirin qohumu olduğunu, heç bir müqavilə bağlamayacağını bildirib. Belə halda, H,Bağırov müvafiq strukturlardan qanunun tələblərinə uyğun tədbir görülməsini istəyib. Nəticədə, A.Zeynalovun obyekti qanunsuz fəaliyyət göstərdiyi üçün sökülüb.

"Legion"