Martın 1-i Dünya İmmunitet Günüdür
Yuxu pozulması, balanslaşdırılmayan qidalanma, fiziki yüklənmələr, sağlam həyat tərzindən imtina edilməsi – bütün bunlar orqanizmi stressə və immun sisteminin funksiyalarının azalmasına aparıb çıxaran səbəblərdir. Hər il martın 1-i Ümumdünya İmmunitet Günü qeyd edilməsi həmin problemlərə insanların diqqətini cəlb etmək məqsədilə təsis edilib. Dünya Səhiyyə Təşkilatı 2002-ci ildə həmin günün qeyd edilməsi təşəbbüsü ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Kliniki İmmunoloqlar Assosiasiyasının araşdırmalarına görə, dünyanın bütün ölkələrində əhalinin 7-15 faizə qədəri immunitetin zəifliyindən əziyyət çəkir. İnsanı qoruyan hüceyrələrin təxminən 80 faizi mədə-bağırsaq boşluğunda yerləşir. Həyatda hər gün saysız-hesabsız bakteriyalarla üzləşirik, lakin immun sistemin sayəsində onlardan qorunaraq xəstəliklərə yoluxmuruq. Bu mənada immun sistemi orqanizm üçün etibarlı sipər rolu oynayır. Ona görə də düzgün qidalanma immunitetin möhkəm olmasının əsas şərtlərindən sayılır. Buna nail olmaq üçün qida rasionunda meyvə, tərəvəz, müxtəlif sıyıqlar və ağartı məhsulları üstünlük təşkil etməlidir. Çay içmək də immuniteti artıran vasitələrdən hesab olunur. Tədqiqatçıların hesablamalarına görə, müntəzəm olaraq çay içmək immun sisteminin müqavimət qabiliyyətini 5 dəfəyə qədər artırır.
Yazın əvvəlində təbiət canlanmağa başlayanda immunitetin bütün qışı gərgin işləyərək yeni mövsüm ərəfəsində daha az ciddi sınaqlar qarşısında olduğunu unutmaq lazım deyil. Ağır fiziki yüklənmələr, xüsusilə səhər saatında infeksiyalar orqanizmin müqavimət qabiliyyətini zəiflədir, çünki limfositlərin hazırlanması yavaşıyır, infeksiyalara qarşı mübarizə aparan anticisimlərin fəallığı aşağı düşür. Şirniyyata çox meyilli olmaq isə immuniteti zəiflədir. Rafinə edilmiş şəkər, konfet və ya qazlı şirin içkilər istehlak edənlər immun sisteminin xəstəliklərinə daha çox məruz qalırlar.
Yaxşı qidalanma, sağlam yuxu, hərəkət, tütündən və alkoqoldan imtina, özünün və ətrafdakıların psixikasına qayğıkeş münasibət və əlbəttə ki, gigiyena qaydalarına riayət olunması orqanizmin immunitetini möhkəmləndirir. Məhz güclü immunitet sayəsində ağız, burun, dəri və mədədən gələn infeksiyalara qalib gəlmək olar.

"Legion"