Azərbaycandan Moskvaya gedən “Mercedes Vito” qəzaya düşdü - 6 ölü, 5 yaralı - YENİLƏNİB
Rusiya DİN-in Stavrapol vilayəti üzrə Yol Hərəkətinin Təhlükəsizliyi Baş İdarəsinin rəisi, polkovnik Aleksey Safonov Azərbaycandan Moskvaya sərnişin aparan “Mercedes Vito” markalı mikroavtobusun yük maşını ilə toqquşmasının ehtimal olunan səbəbini açıqlayıb.
Polkovnik Safonov hadisə yerində jurnalistlərə açıqlamasında mikroavtobusla toqquşan “ZİL” markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamış ola biləcəyini deyib.
Safonov bildirib ki, bu hadisədən sonra yollarda təhlükəsizlik maneələri quraşdırılacaq və artıq müvafiq göstəriş verilib.
“Böyük ehtimalla yük maşınının sürücüsü sükan arxasında yuxulayıb və maşın qarşı hərəkət zolağına, mikroavtobusun yoluna çıxıb. Bununla bağlı israrla tövsiyə edirik ki, uzun müddət yollarda olan sürücülər həyatlarını və başqalarının həyatlarını təhlükəyə atmamaq üçün fasilə verib istirahət etsinlər”-Safonov deyib.
***
İlkin məlumata görə, Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobusun Rusiyanın Stavrapol vilayətində qəzaya düşməsinə səbəb qarşıdan gələn “Zil” yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub.
Mikroavtobusda Azərbaycan vətəndaşı olduqları ehtimal edilən 8 nəfər olub. Onlardan 4-ü hadisə yerində, 2-si isə xəstəxanaya aparılarkən keçinib. 3 nəfər xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yerində xüsusi xidmət orqanları işləyir, bu sahədə hərəkət çətinləşib.
Qəzanın səbəbləri dəqiqləşdirilir.
***
Bu gün martın 6-da səhərə yaxın Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus Rusiyanın Stavrapol vilayətində qəzaya düşüb.
Bu haqda Modern.az Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumata görə, mikroavtobus saat 05.30 radələrində “Qafqaz” federal şossesində, Nevinnomısk şəhəri yaxınlığında “QAZ 66” markalı yük avtomobili ilə toqquşub.
İlkin məlumata görə, mikroavtobusun sərnişinlərindən 6 nəfəri ölüb, qalanları müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
"İnterfaks" xəbər verib ki, qəzada ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır. Stavrapoldakı məlumatlı mənbə deyib ki, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir. 
Digər mənbə qəzada azı 5 nəfər Azərbaycan vətəndaşının yaralandığını bildirir, onların vəziyyəti barədə məlumat verilmir.

"Legion"