Oğlu həbsdə yatan keçmiş polis işçisi prezident İlham Əliyevə müraciət edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Bakı, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, V-yaşayış sahəsi, ev 17,mənzil 43-də qeydiyyatda olan DİO-nun veteranı, 69 yaşlı Süleymanov Vəli Abduləli oğlu tərəfindən

Müraciət

Hörmətli cənab Prezident!

Sizi Bahar Bayramı münasibəti ilə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Neçə belə bayramları ailənizlə birlikdə qeyd edəsiniz. Mən 30 ildən çox DİN-nin polis orqanında şərəfim-ləyaqətimlə xidmət etmişəm, təqaüdçüyəm,bununla da fəxr edirəm. Ailəliyəm, 2 övladım var. Sizə bildirmək istəyirəm ki, 2016-cı ildən oğlum barədə cinayət işi başlanıb. Artıq üçüncü ilə yaxındır ki,o təqsirləndirilən şəxs olaraq Bakı İstintaq Təcridxanasında saxlanılır.Oğlum ailəlidir, himayəsində 4 azyaşlı uşaq və qayğıya, diqqətə, maddi mənəvi dəstəyə böyük ehtiyacları olan biz yaşlı valideyinləri varıq. Oğlum bir qrup tikinti şirkətlərinin rəhbərlərinin qurduqları tələyə düşərək, bilmədən onların əməllərinin vasitəçisi olmuşdur və bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək həbs olunub. Biz artıq bununla barışmışıq, məcburiyyət qarşısında qalaraq etmədiyi bir əmələ görə, yaxınlarımızdan borc alaraq, ziyanın 25 faizini, yəni 54 min 500 manatını ödəmişik. Bu üç il həbsdə olduğu vaxt, demək olar ki, hər gün gözümüz yolda qalıb. 2 ildən çoxdur ki, Sizə dəfələrlə bu haqda məktublar ünvanlamışam, amma qəbulunuza düşə bilməmişəm. Məktublardan da bir cavab çıxmayıb. Çox güman ki, məktublar Sizə çatdırılmayıb. Oğlumun övladlarına və yaşlı valideyinlərinə xatir daim atdığınız humanist addımlar tək ona qarşı da humanist addım atmağınızı gözləyirik.

Hörmətli cənab Prezident!

Bir daha Sizdən çox xahiş edirəm ki, bu çarəsiz Atanın qəbulunuza gəlməyinə icazə verəsiniz.

"Legion"