Qəlbi oğul həsrəti ilə fəryad edən gözü yaşlı Ananın son ümidi Mehriban xanım Əliyevayadır
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya

Bakı, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, V-yaşayış sahəsi, ev 17,mənzil 43-də qeydiyyatda olan, 2-ci qrup əlil,64 yaşlı Süleymanova Sədət Böyükağa qızı tərəfindən


Müraciət


Hörmətli Mehriban xanım!


Sizi Bahar Bayramı münasibəti ilə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Neçə belə bayramları ailənizlə birlikdə qeyd edəsiniz. Mən 2-ci qrup əliləm, 2 övladım var. Sizə bildirmək istəyirəm ki, 2016-cı ildən oğlum barədə cinayət işi başlanıb. Artıq üçüncü ilə yaxındır ki,o təqsirləndirilən şəxs olaraq  Bakı İstintaq Təcridxanasında saxlanılır.Oğlum ailəlidir, himayəsində 4 azyaşlı uşaq və qayğıya, diqqətə, maddi mənəvi dəstəyə böyük ehtiyacları olan biz yaşlı valideyinləri varıq. Oğlum bir qrup tikinti şirkətlərinin rəhbərlərinin qurduqları tələyə düşərək, bilmədən onların əməllərinin vasitəçisi olmuşdur və bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək həbs olunub. Biz artıq bununla barışmışıq, məcburiyyət qarşısında qalaraq etmədiyi bir əmələ görə, yaxınlarımızdan borc alaraq, ziyanın 25 faizini, yəni 54 min 500 manatını ödəmişik. Bu üç il həbsdə olduğu vaxt, demək olar ki, hər gün gözümüz yolda qalıb. 2 ildən çoxdur ki, Sizə dəfələrlə bu haqda məktublar ünvanlamışam, amma qəbulunuza düşə bilməmişəm. Məktublardan da bir cavab çıxmayıb. Çox güman ki, məktublar Sizə çatdırılmayıb. Oğlumun övladlarına və yaşlı valideyinlərinə xatir daim atdığınız humanist addımlar tək  ona qarşı  da humanist addım atmağınızı gözləyirik.

Hörmətli Mehriban xanım!


Bir daha Sizdən çox xahiş edirəm ki, bu çarəsiz Ananın qəbulunuza gəlməyinə icazə verəsiniz. Bir Ananın dərdini yalnız Ana anlar.

"Legion"