Təhlükə mənbəyinə çevrilən YATAQXANA - Sakinlər kömək istəyir
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2-də yerləşən 17 saylı yataqxanada yaşayan sakinlər adından Lent.az-ın redaksiyasına yataqxanadakı mövcud vəziyyətlə bağlı müraciət daxil olub.
Müvafiq qurumlardan vəziyyətlə bağlı kömək məqsədi daşıyan müraciəti təqdim edirik: “Bizim yaşayış şəraitimiz və səhhətimiz təhlükədədir. Neçə illərdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2-də yerləşən dözülməz şəraiti olan 17 saylı yataqxanada çox ağır şəraitdə yaşayırıq. Yataqxanada vəziyyət günü-gündən son həddə çatır. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, lakin heç bir köməklik etmirlər. Şablon cümlələrdən ibarət cavab məktublarından və boş vədlərdən  bezmişik.
Hər an bədbəxt hadisələrlə üz-üzəyik. Tez-tez bədbəxt hadisələr baş verir. Divarlarda və döşəmədə uçqunlar, elektrik xətlərində qapanmalar, infeksiyalar və bir çox ağır xəstəliklərin yayılmasını göstərmək olar. Özümüzün, körpə övladlarımızın və ağır xəstəliklərdən əziyyət çəkən yataq xəstələrimizin həyatı təhlükədədir. Uzun illərdir ki, yataqxanada dözülməz şəraitdə yaşayan insanlar arasında son illərdə bronxial astma, bağırsaq infeksiyaları, ürək-damar xəstəlikləri, dəridə səpkilər, nevroz və s. xəstəliklər yaranıb. Vəziyyətimizlə bağlı neçə illərdir ki,  tez-tez müraciət edirik. Lakin nəticəsi yoxdur.
Hörmətli Prezidentimiz İlham Əliyev cənablarına və Birinci vitse Prezidentimiz Mehriban xanım Əliyevaya inanırıq. Əminik ki, prezidentimiz bizim ağır yaşayış şəraiti ilə bağlı məlumatlı olsa dərhal köməklik edəcək.
Yataqxanada hamımız xəstəyik. Elə bir ailə yoxdur ki, dərman vasitələrindən istifadə etməsin”.
Müraciətdə yataqxananın 2 mərtəbəli olmaqla 1946-cı ildə tikildiyi,. hazırda qəzalı vəziyyətdə olduğu vurğulanır.
Qeyd olunur ki, yataqxanada 30 ailə yaşayır. Onlardan 23 ailə Cəbrayıl və Zəngilan rayonlarından olan məcburi köçkün, 7 ailə isə yerli sakindir: "Fövqəlada Hallar Nazirliyinin əməkdaşları dəfələrlə yataqxanaya baxış keçiriblər.  2015-2016-ci illərdə, həmçinin 24 aprel 2017-ci  il tarixində 17 saylı yataqxananın  qəzalı olması haqqında akt foması, 2018-ci ilin oktyabr ayında isə sözü gedən yataqxanada insanların yaşamasının yolverilməz və təhlükəli olduğu barədə rəyi var. 
Bu rəy və aktlar Qaçqın və Məcburi  Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə və Sabunçu Rayonu İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Lakin bu qurumlar tərəfindən heç bir iş görülmür. Yalnız və yalnız şablon cümlələrdən ibarət  cavab məktublarından başqa. Yataqxana  Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır, lakin Sabunçu rayon İcra Hakimiyyətinin yaşayış ərazisinə aiddir.  Bu qurumlardan bizə kömək edən tapılmır. Yataqxananın dözülməz vəziyyəti bizi çox üzür. Buna görə  çox narahatıq.
Yataqxanada şəhid ailəsi, gənc alim ailəsi və Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldıran idmançı ailələri də yaşayır”.
Onu da qeyd edək ki, Lent.az-ın reportyoru ötən il də bu yataqxanada olub. Hələ 1 il bundan əvvəl oradakı təhlükəli vəziyyət ictimaiyyətin diqqətinə çatdırılıb.

"Legion"