ÇL: 1/4 final mərhələsi başlayır
Sabah Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

ONA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində iki qarşılaşma baş tutacaq. 

Hər iki matç İngiltərədə keçiriləcək. “Liverpul” öz meydanında “Portu”nu qəbul edəcək. Bu, komandaların avrokuboklarda 4-cü duel çərçivəsində 7-ci matçı olacaq. Əvvəlki duellərdən biri qrup, ikisi pley-offa təsadüf edib. “Portu” əvvəlki 6 matçda rəqibinə qalib gələ bilməyib. Ötən mövsüm 1/8 finalın səfər oyununda 5:0 hesablı darmadağına sevinən “Liverpul” cavab görüşündə qolsuz heç-heçə ilə mərhələ keçib. 

Meydan sahibləri bu matça itkilərlə çıxacaq. Aleks Oksleyd-Çemberlen və Co Qomes zədə, Endi Robertson cəza səbəbindən matçı buraxacaq. Adam Lallananın iştirakı isə sual altındadır. “Portu”da isə Ektor Errera ilə Pepe cəzalı durumdadırsa, Aleks Tellesin zədə durumu qeyri-müəyyəndir.

Günün digər matçında iki İngiltərə təmsilçisi üz-üzə gələcək. “Tottenhem” öz meydanında “Mançester Siti”ni qəbul edəcək.

Pep Qvardiolanın yetirmələri İngiltərə klubları ilə avrokuboklardakı uğursuzluqlara son qoymağa çalışacaq. “Şəhərlilər” indiyədək həmyerliləri ilə duellərdə mərhələ keçməyib.

Mançesterlilərin işi yenə asan olmayacaq. Klauduo Bravo və Aleksandr Zinçenko zədə səbəbindən oyunu buraxacaq. Serxio Aquero, Fabian Delf və Kayl Uokerin durumuna isə son anda aydınlıq gələcək.

Paytaxt klubunda da itkilər var. Zədəlilərdən Erik Dayerlə Erik Lamelanın oynamayacağı dəqiqdirsə, Serj Orye və Fernando Lorentenin durumu ilə bağlı qeyri-müəyyənlik hökm sürür.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları çərçivəsində digər iki matç aprelin 10-da keçiriləcək.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

9 aprel 

23:00. “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya)

Baş hakim: Antonio Migel Mateu Lanos (İspaniya)

Liverpul. “Enfild Roud” stadionu 

23:00. “Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Byorn Kuypers (Hollandiya)

London. “Tottenhem Hotspur” stadionu

"Legion"