Nazim İbrahimovun qardaşı: “Pulumu nə vaxt alsam, ödəyərəm”
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Vergilər Nazirliyinin əməkdaşı Emin Kərimov ifadə verib.
O deyib ki, S. İbrahimovun şirkətlərindən səyyar vergi yoxlaması aparılıb:
“Yoxlama qismən təqdim edilmiş sənədlər və qarşılıqlı əlaqələr əsasında həyata keçirilib. Yəni MMC-lərin rəhbər şəxslərinin təqdim etdiyi sənədlər əsasında aparılıb. Yoxlamalar 2012-ci ilin fevral ayının 1-dən 2015-ci ili fevralın 1-dək olan tarixi əhatə edirdi. Səttar Bəhlulzadədə yerləşən bina və “Galaxy Palace”ın Həsən Əliyev küçəsində inşa etdiyi binasındakı yoxlamalarda 2.2 milyona yaxın vergidən yayınma halı aşkar edildi”.
Sahib İbrahimov isə deyib ki, həmin obyektlər satış üçün nəzərdə tutulmayıb:
“Səttar Bəhlulzadədəki bina dövlət əhəmiyyətli layihə üçün söküldü. Həmin sakinlər Həsən Əliyevdə inşa edilən binaya köçürüldü. Köçürülmə də belə oldu ki, biz vətəndaşları çətin vəziyyətdə qoymaq istəmədik, obyekt verməyi təklif etdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, inşa etdiyim bina sökülüb, vətəndaşlar narazı qalmasın deyə başqa ünvana köçürüb:
“Binam söküldüyü halda pul almamışam. Bu da az deyilmiş kimi 1.5 milyon da vergi ödəməliyəm. Pulumu nə vaxt alsam, ödəyərəm”.
Məhkəmədə elan olunub ki, iş üzrə dindirilməmiş 12 zərərçəkmiş ifadə verməyib və məhkəməyə gəlmirlər. Həmin zərərçəkənlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.
Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.
Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.
Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.