Hərbçilər Sudanda prezidenti DEVİRDİLƏR
Sudan prezidenti Ömər əl-Bəşir hərbi çevriliş nəticəsində devrilib.

ONA-nın xəbərinə görə, bu barədə "al-Arabiya" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Sudan ordusu Prezident Sarayını, radio və televiziyanı nəzarətə götürüb. Prezidentin mühafizəçisi həbs olunub, əl-Bəşir özü isə ev dustağı edilib.
Sudana bir ərzində Hərbi Şuranın rəhbərlik edəcəyi gözlənilir.

"Al-Hadath" telekanalı xəbər verir ki, minlərlə insan küçələrə çıxaraq əl-Bəşir hakimiyyətinə son qoyulmasını bayram edir.

***

09.40

Sudanda hərbi çevrilişin baş verdiyi haqqında məlumatlar yayılıb.

ONA-nın xəbərinə görə, Livanın “al-Mayadeen” telekanalı mənbəyə istinadən bildirib ki, Sudan ordusu fövqəladə iclas keçirərək, prezident Ömər əl-Bəşiri bütün vəzifələrindən devirmək və hökuməti istefaya göndərmək barədə qərar qəbul edib.

Telekanalın yaydığı məlumata görə, ordu ölkəni keçid dövründə idarə edəcək hərbi şuranın yaradılmasını elan edəcək. Sudanın “Sudan Tribune” qəzeti isə yazıb ki, paytaxt Xartumda prezidentin iştirakı olmadan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin fövqəladə iclası keçirilib.

Məlumatlarda zirehli texnikanın Prezident Sarayının qarşısına yığılması, Sudanın telekanal və radiostansiyalarının normal yayımı dayandırmaları və hərbi marş səsləndirmələri qeyd olunur.