Poroşenko və Zelenski canlı yayımda “söz dueli”nə çıxdılar
“1+1” telekanalının “Pravo na vlasty” proqramının efirində Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko və dövlət başçısı postuna namizəd olan Vladimir Zelenski arasında mübahisə düşüb. Hadisənin görüntüsü proqramın “Facebook” səhifəsində dərc olunub. Namizədlər arasında telefon rabitəsi qurulub. P.Poroşenko V.Zelenskini studiyada debata dəvət edib. Sonuncu bunun mümkün olmadığını, Fransa prezidenti Emmanuel Makronla görüşü ilə əlaqədar Parisdə olduğunu söyləyib. Zelenski əmin edib ki, P.Poroşenko onun harada olduğunu, əslində, çox yaxşı bilir. Çünki Ukrayna Təhlükəsizlik Xidmətinin avtomobilləri aeroporta gedən zaman onu yol boyu müşayiət ediblər. Bundan başqa, Zelenski debatın razılaşdırıldığı kimi, aprelin 19-da Kiyevin “Olimpiya” stadionunda keçiriləcəyini xatırladıb.