“Bu seçkilər murdar olub” – Yıldırım uzun müddət sonra göründü
“Əvvəlcə 29 min olaraq göstərilən fərq artıq 12 min səs fərqinə düşüb. Bizim səslərimiz rəqib namizədə yazılıb”. “Sputnik Azərbaycan” “Milliyet” nəşrinə istinadən xəbər verir ki, bunu İstanbul bələdiyyəsinə namizəd Binali Yıldırım bildirib. Binali Yıldırım Ekrem İmamoğlunu nəzərdə tutaraq bildirib: “Tribunaları dolaşmaq əvəzinə sakit oturub mənim kimi nəticələri gözləyərdi. Bu seçkilər başdan başa murdar olmuş bir seçkidir. Murdar ətin isə qovurması olmaz”. O, həmçinin qeyd edib ki, seçkilərlə bağlı yekun qərarı Yüksək Seçki Qurumu verəcək. Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İqtidardakı AKP-nin də daxil olduğu Cümhur İttifaqı İstanbulda seçkini uduzmuş kimi görünür. Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edib: “Türkiyə xalqı artıq 15-ci dəfədir bizi birinci edir. AKP və Cümhur İttifaqı ilə birlikdə seçkilərə qatıldığımız yerlərdə indiyə qədər 16 böyük şəhərdə, 24 vilayət, 538 rayon, 200 qəsəbədə toplam olaraq 778 bələdiyyə sədrliyini qazandıq. Bu isə ölkəmizdə olan bələdiyyələrin 56%-nin AKP tərəfindən idarə olunacağı anlamına gəlir”.